Deputatın qardaşı oğlu ilə bağlı insident araşdırılır

Bakı Ağır Cinayətlər Məhkəməsində restoranda xuliqanlıq və digər cinayətlər törətməkdə təqsirləndirilən Elnur Qasımov, Elmar Süleymanov, Səməd Mənsimov, Firdovsi Bağırov, Orxan Məlikov və Şahin Novruzovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hüquqları izah olunub. Prosesin baxış iclası isə fevralın 26-da təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, ötən il iyulun 17-də saat 03.00 radələrində "1001 gecə" istirahət mərkəzində naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində Xəzər rayon sakini Bayramov Ramal Abdulla oğlunun döş qəfəsindən və İmişli rayon sakini Mənsimov Səməd İbadət oğlunun isə qolundan aldığı güllə yarası ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib və Ramal Bayramovun aldığı xəsarətdən orada dünyasının dəyişib.

Fakta görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Mirələmov Rəşad Əlirza oğlu tərəfindən törədildiyi müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Onu da qeyd edək ki, bu iş üzrə cinayət işi 2 hissəyə bölünüb. Yuxarıda adları çəkilən şəxslərin cinayət işi üzrə istintaq yekunlaşsa da, Rəşad Mirələmovun istintaqı hələlik yekunlaşmayıb.

Rəşad Mirələmov deputat Hüseynbala Mirələmovun qardaşı oğludur.

AzNews.az