Vəzifəli şəxslər rüşvətə görə həbs olundular

Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri külli miqdarda rüşvət alma faktı ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, bu il fevralın 13-də "Neftçi" mənzil-tikinti kooperativinin icraçı direktoru Səfərli Azər Rəşid oğlunun Vergi Auditi Departamentinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə Vergilər Nazirliyinə daxil olmuş şikayət ərizəsi üzrə aparılmış ilkin araşdırmalarla onların hərəkətlərində korrupsiya hüquqpozmaları müəyyən edildiyindən toplanmış materiallar aidiyyəti üzrə hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilib.

Vergilər Nazirliyinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi ilə birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Təmir-tikinti sahəsi üzrə Audit İdarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi Kərimov Sultan Elxan oğlu və həmin idarənin 1-ci şöbəsinin dövlət vergi müfəttişi Allahverdiyev Aydın Süleyman oğlu "Neftçi" mənzil-tikinti kooperativinin vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin yoxlanılması zamanı bəyannamələrin düzgün təqdim olunmamasını və digər aşkar olunmuş qanun pozuntularını ört-basdır etmək üçün 300.0 min manat məbləğində rüşvət istəyib, 29 yanvar 2013-cü il tarixdə həmin kooperativin icraçı direktoru Azər Səfərli və baş mühasibi İlqar Cəfərovdan müəssisənin Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ofisində 250.0 min manat pulu rüşvət kimi alaraq öz aralarında yarı bölüblər. S. Kərimovun və A. Allahverdiyevin yaşadıqları mənzillərdə aparılmış axtarışlar zamanı müvafiq olaraq 115.0 min və 125.0 min manat rüşvət kimi aldıqları pul müəyyən edilərək maddi sübut kimi götürülüb.

Hər iki şəxs Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzNews.az