04:55
(077) 610-22-33

Peykimiz öz ünvanına çatıb

  • >
117 19 Fevral 2013 09:12 | Hadisə

Azərbaycanın ilk telekommunikasiya peyki olan «Azerspace-1» təyinatına uyğun olaraq 46 dərəcə Şərq uzunluğundakı orbital mövqeyinə çatıb.



Fevralın 15-də peykin günəş panelləri açılıb və reflektorları işə düşüb. Fevralın 19-dan mart ayının əvvəlinədək peykin orbitdəki sınaqları davam edəcək və daha sonra peykin idarəetməsi tam olaraq "Azərkosmos" ASC-yə təhvil veriləcək.

Peykin idarəsi "Azərkosmos" ASC-nin Bakı yaxınlığında yerləşən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən "Azərkosmos"un mütəxəssisləri tərəfindən həyata keçiriləcək.

Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi isə Naxçıvanda yerləşir.

Xatırladaq ki, ABŞ-ın "Orbital Sciences" şirkəti tərəfindən istehsal olunan "Azerspace-1" peyki "Ariane-5" kosmik daşıyıcısı ilə fevralın 8-də orbitə çıxarılıb. Peykin ümumi çəkisi 3 250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malikdir və Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstərəcək. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcədir.

Xatırladaq ki, peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə ediləcək və peykinin resurslarının 44%-i artıq 15 illik müddətə Malayziyanın "Measat" peyk operatoruna icarəyə verilib.

Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb.

Azərbaycan növbəti illərdə ilk olaraq aşağıorbitli peyklərin, daha sonra isə 2020-ci ilədək bir və ya bir neçə optik və radar peyklərin orbitə çıxarılmasını planlaşdırır.

AzNews.az
Bağla X