MƏMUR ÖVLADLARININ SİLAHLI "RAZBORKA"SINA POLİS MÜDAXİLƏ EDƏ BİLMƏYİB MƏMUR ÖVLADLARININ SİLAHLI "RAZBORKA"SINA POLİS MÜDAXİLƏ EDƏ BİLMƏYİB

Bakıdakı “Tonqal“ restoranında atışma

MƏMUR ÖVLADLARININ SİLAHLI "RAZBORKA"SINA POLİS MÜDAXİLƏ EDƏ BİLMƏYİB



Prezident İlham Əliyevin hökumətin toplantısında bəzi məmurlara və onların "qudurmuş" övladlarına barmaq silkələməsindən heç bir həftə keçməmiş, fevralın 19-dan 20-nə keçən gecə Bakıda, Həsən Əliyev prospektində yerləşən "Tonqal" restotanında müdhiş hadisə baş verib.

"Bizim Yol" qəzetinin yazdığına görə, hakimiyyətin yuxarı eşalonlarında təmsil olunan bir generalın yaxın qohumları restoranda yeyib-içəndən sonra dava- dalaş salıblar. Mübahisə yumruq davasına, dava isə silahlı atışmaya qədər böyüyüb. Restoranın yaxınlığındakı binalarda yaşayan sakinlər hadisə yerinə polis çağırıblar. Amma hadisə yerinə gələn polis əməkdaşları, əməliyyatçılar atışan şəxslərin kimliyini bildikdən sonra olaya müdaxilə etməkdən çəkiniblər. Beləliklə generalın qardaş uşaqları və dostları "razborka"nı bitirəndən sonra heç nə olmayıbmış kimi ərazidən uzaqlaşıblar.

"Bizim Yol"un iddiasına görə hadisə zamanı bir neçə nəfər ağır xəsarət alıb. Daxili İşlər Nazirliyi isə hadisəni nə təsdiq, nə də təkzib edir. Hadisə yerinə yaxın ərazidə yaşayan sakinlər də baş verənlər barədə danışmaq istəməyib. Vətəndaşlar həmin şəxslərin cəzalandırılmasının mümkün olmadığını bildiriblər.

Xatırladaq ki, prezident İlham Əliyevin fevralın 12-də keçirdiyi müşavirədə məmurlara xəbərdarlıq edərərk belə hərəkətləri yığışdırmağı tələb etmişdi: "…Harınlayırlar, qudururlar, heç kimi saymırlar! Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə?! Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə, mən də çıxaracağam lazım bildikdə. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaqdır. Bunu hamı bilsin! Şəhər küçələrini yarış meydanına çevirənlər də bilsinlər! Hamısı həbs ediləcək! Vəssalam! Daxili işlər naziri gündə mənə məlumat verəcəkdir. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır. Onu hamı bilsin!".

Prezident daxili işlər nazirinin gündə ona məlumat verməsini tələb edib. Amma, görünür ölkədə Daxili İşlər Nazirliyinin belə gücü çatmadığı məsələlər var.
Burda diqqəti cəlb edən başqa bir məslədə var. Əlbəttə, bu məslənin baş verənlərin mahiyyətinə heç bir aidiyyatı olmasa da maraq doğurur. Yanvarın 23-də İsmayıllı sakinlərini üsyana qaldıran nazir balasının "Çıraq" hotelində yeyib-içib aləmi bir birinə qatması səbəb oldu. Nədənsə bu dəfə hadisə "Tonqal"da baş verib, həm də prezidentin barmaq silkələməsindən və bir neçə məmuru işdən qovmasından sonra. Görünür, hakimiyyətin içində hələ də kifayət qədər tonqal qalayanlar var.

Orxan
AzNews.az