Müdafiə Nazirliyi Lənkəran Əliyevə cavab verdi

Müdafiə Nazirliyi general-mayor Lənkəran Əliyevin ittihamlarına münasibət bildirib.

Bu barədə "Qafqazinfo"ya açıqlama verən nazirliyin mətbuat xidmətinin rəis müavini mayor Teymur Abdullayev məsələyə bir cümlə ilə nöqtə qoymaq istədiyini qeyd edib: "Kim xidməti mənzilləri qanunsuz zəbt eləyibsə, onlar oradan çıxarılacaq".

Azərbaycan Silahlı Qüvvələri Akademiyasında qərargah xidməti kafedrasının rəisi Lənkəran Əliyev isə "Qafqazinfo"ya açıqlamasında Müdafiə Nazirliyi ilə mənzil üstündə davam edən məhkəmə çəkişməsi ilə bağlı danışmaq istəmədiyini deyib. General dünən mətbuatda yayılan informasiyalardan sonra nazirlikdən ona təzyiqlər olduğunu vurğulayıb: "Mən hələ ki, bu mövzuda danışmaq istəmirəm".

Qeyd edək ki, Müdafiə Nazirliyi, general-mayor Lənkəran Əliyev və onun övladlarını yenidən məhkəməyə verib. Nazirlik həmçinin 2012-ci ildə də Lənkəran Əliyev və onun ailə üzvlərinə qarşı iddia qaldırıb. Həmin iddiada L.Əliyevə məxsus mənzilin bir hissəsinin boşaldılması və mənzilin orderinin etibarsız hesab edilməsi istənilib. İddia təmin olunub.

AzNews.az