22:26
(077) 610-22-33

Saatlıda qəbir daşlarını dağıdanlar saxlanılıblar

  • >
4 685 25 Fevral 2013 16:05 | Hadisə

Dünən Saatlı rayonu Musalı kənd qəbiristanlığında qəbirləri dağıdanlar saxlanılıblar. Saatlı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəbiristanlıqda 60-a yaxın qəbir daşı sındırılıb və aşırılıb.

Rayon polisinin həyata keçirdiyi tədbirlər nəticəsində hadisə ilə bağlı Musalı kənd sakinləri, 1987-ci il təvəllüdlü Əliyev Nəsimi Arif oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Ədalət Səxavət oğlu şübhəli şəxs qismində saxlanılıblar.

KİV-də yayılmış bəzi məlumatlara görə, hadisəni törətməkdə şübhəli bilinən Nəsimi Əliyevin atası Arif Əliyev vaxtilə AXCP-nin Saatlı rayon təşkilatının üzvü olub. Məlumatda o da qeyd olunur ki, hadisə AXCP rəhbərliyi tərəfindən əvvəlcədən planlaşdırılıb və rayonda süni narazılıq yaratmaq, insanların kütləvi etirazını təşkil etmək və hakimiyyətə qarşı yönəltmək, inanclı insanların da bu prosesə qoşmaq məqsədi güdüb.

APA-nın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisənin törədilməsində iştirak edən daha bir neçə nəfərin vəhhabi təriqətinin üzvləri olması ehtimalı var.

Polisdən o da bildirilib ki, hazırda faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, fevralın 23-dən 24-nə keçən gecə Saatlı rayonunda qəbiristanlıq dağıdılıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Saatlı rayonunun Musalı kənd sakinləri məlumat veriblər.

Onların bildirdiyinə görə, ötən gecə naməlum şəxslər tərəfindən Saatlı rayonunun Musalı kəndində yerləşən qəbiristanlıqda 60-a yaxın qəbrin baş daşları sındırılıb və aşırılıb.

Sakinlər onu da bildiriblər ki, onlar hadisənin araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edirlər: "Günahkarlar tapılıb cəzalandırılmasa, davamlı aksiyalara başlayacağıq".

AzNews.az
Bağla X