Nigar Yaqublu: “Bilirəm, hazır qərarı oxuyacaqsınız...“

Fevralın 26-da Sumqayıt Apellyasiya Məhkəməsində məhbus fəal Nigar Yaqublunun şikayətinə baxış yekunlaşıb. Məhkəmə fəala təyin olunmuş cəzanı qüvvədə saxlayıb.

"Media forum" saytı xəbər verir ki, dövlət ittihamçısı prosesdə çıxış edərək birinci instansiya məhkəməsinin Nigar Yaqubluya çıxardığı hökmün qüvvədə saxlanmasını istəyib. Vəkillər isə deyiblər ki, birinci instansiya məhkəməsi fəalı qanunsuz və əsassız hökmlə məhkum edib. Müdafiə tərəfi Nigar Yaqublu haqqında bəraət hökmü çıxarılmasına və ya cəzanın yüngülləşdirilməsinə tərəfdar olub.

Son sözlə çıxış edən Nigar Yaqublu istər istintaq dövründə, istərsə də məhkəmə araşdırmaları zamanı ədalətli yanaşma görmədiyini vurğulayıb və indi də ədalət gözləmədiyini söyləyib. O, üzünü hakimə tutaraq deyib: "Bilirəm ki, hazır qərarı oxuyacaqsınız. Sadəcə bilmirəm ki, bizim ailəyə qarşı bu cür münasibət nədən qaynaqlanır. Bu, qorxudan irəli gəlir, yoxsa hakimiyyət bizə gücünü göstərir?"

Nigar Yaqublu ölümlə nəticələnən avtomobil qəzasında təqsirli bilinərək məhkum olunub. Ötən il dekabrın 19-da Abşeron Rayon Məhkəməsi onu 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Hazırda onun atası, Müsavat başqanının müavini Tofiq Yaqublu da həbsdədir.

AzNews.az