Sübhan Əhədzadə ermənilərə qahmar çıxır? Sübhan Əhədzadə ermənilərə qahmar çıxır?

Azərbaycan diaspor rəhbərindən şok addım

Sübhan Əhədzadə ermənilərə qahmar çıxır?


Kazanın Bauman küçəsində Tatar gənclər təşkilatı olan "Azadlıq" təşkilatını fəalları Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə anım tədbiri təşkil edib. Tatar gənclər piket vasitəsilə Azərbaycan xalqının kədərinə şərik olmaqla yanaşı, günahkarların cəzalandırılmasını tələb edirlər.

"Tatar inform"un məlumatına görə, təşkilatın lideri Nail Nəbiullin əsas məqsədin qardaş Azərbaycan xalqına dəstək vermək olduğunu vurğulayıb. Eyni zamanda bildirib ki, aksiyanın təşkilində Kazandakı Azərbaycan diasporunun heç bir iştirakı olmayıb: "Bu bizim təşəbbüsdür, Tatarıstandakı Azərbaycan diasporu ilə müzakirə edilməyib".

Ancaq aksiyaya Tatarıstandakı Azərbaycan disaporundan reaksiya qəribə olub. Agentlik xəbər verir ki, Tatarıstandakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatının rəhbəri vəzifəsini icra edən Sübhan Əhədzadə tədbirdən təəccübləndiyini bildirib:

"Mən ilk dəfədir aksiya barədə eşidirəm. Belə tədbir olacağını bilmirdim. Bizimlə heç kəs məsləhətləşməyib. Mən qətiyyətlə bu tədbirin əleyhinəyəm".

S.Əhədzadə bildirib ki, Tatarıstan və Rusiyada müxtəlif millətlər dostluq şəraitində yaşayır:

"Xocalıdakı hadisə bizim faciəmizdir. Ancaq buna həsr edilən tədbir keçirmək lazım deyil. Rusiya çoxmillətli ölkədir, Azərbaycan və Ermənistan arasındakı problem azərbaycanlılarla ermənilər arasındakı problem kimi qalır. Ancaq bura Rusiyadır və burada belə şeylərə yol vermək olmaz".

Tatar mətbuatı Azərbaycan diasporasının rəhbərinin fikirləri ilə bağlı geniş materiallar dərc edir. "Tatar, oyan" qəzetinin rəhbərliyi isə S. Əhədzadənin hərəkətlərinə münasibət bildirilməsi məqsədilə Azərbaycan rəhbərliyinə müraciət edəcəyini bildirib:

"Biz Azərbaycanın rəsmi orqanlarına müraciətlə Əhədzadə Sübhan Kamran oğlunun hərəkətlərinə qiymət verilməsini istəyəcəyik. Müraciət prezident İlham Əliyevə, baş nazir Artur Rəsizadəyə, Azərbaycan səfirliyinə və Milli Məclisə ünvanlanacaq".

Bununla yanaşı mətbuatda Sübhan Əhədzadə barədə maraqlı məlumatlar da dərc edilib. Məlumata görə, ötən ilin aprelində Kazanın Privoljiski rayonunun prokurorluğu vergi qanunvericiliyini tələblərinə əməl edilməsi məqsədilə keçirilən yoxlamaların nəticəsi barədə xəbər yayıb. Yoxlama sahibkar Sübhan Əhədzadənin də mağazasında da keçirilib. S. Əhədzadəyə məxsus "Gülməli qiymətlər" mağazasında nəzarət-kassa aparatı olmadığına görə sahibkara qarşı inzibati cəza tədbirini nəzərdə tutan iş açılıb.

Elnarə Əlosmanqızı
AzNews.az