17:01
(077) 610-22-33

AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyev dəfn olundu

  • >
338 28 Fevral 2013 14:12 | Hadisə

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevlə vida mərasimi keçirilib.


Vida mərasimində çıxış edən AMEA-nın prezident əvəzi Akif Əlizadə bildirib ki, Oqtay Əfəndiyevin ölümü ilə Azərbaycan elminə ağır itki üz verib. O, mərhumun akademiyanın ictimai həyatında yaxından iştirak etdiyini, qurumun fəaliyyətində hər zaman öz töhfəsini verdiyini deyib: "İstedadlı alim olmaqla yanaşı, dəyərli insan olan Oqtay Əfəndiyev gənclik illərindən Azərbaycanın orta əsrlər tarixini öyrənib, bütün ömür boyu orta əsrlər tarixini öyrənən alim ölkədən kənarda da tarixin bu istiqamətini öyrədib. O, alim olmaqla yanaşı, böyük pedaqoq idi, çalışırdı ki, biliklərini tələbələrə öyrətsin. Hər zaman Azərbaycanda böyük elm ordusu yaratmaq istəyi var idi".

AMEA-nın müxbir üzvü Kamal Abdulla da Oqtay Əfəndiyevin onu tanıyanların sevimlisi olduğunu deyib. O bildirib ki, görkəmli alim həmişə öz əməlləri və fəaliyyəti ilə hər kəsə örnək, əvəzsiz elm və mədəni zənginlik nümunəsi olub.

Akademik Teymur Bünyatov, AMEA Tarix İnstitutunun direktor müavini Tofiq Nəcəfli və digərləri də mərhumla bağlı xatirələrini bölüşüblər.

Mərhumun ailəsi adından çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar bildirib ki, O. Əfəndiyevin vəfatı yalnız ailəsi deyil, xalq və elm üçün çox böyük itkidir: "O, Azərbaycan tarixinin 2 əsrini yazıb, onun yazısında heç bir saxtakarlıq, yalan ola bilməz. Görkəmli alim Səfəvi dövlətinin Azərbaycan dövləti kimi təsdiqləyəndə bunu yalnız vətənpərvər olduğu üçün etmirdi, həm də elmi vicdanın səsi üçün edirdi. Bütün həyatını elmə həsr edən Oqtay Əfəndiyevin dəfn mərasimi ona layiq təşkil olunduğu üçün ailə adından prezidentə və AMEA rəhbərliyinə təşəkkür edirik".

Vida mərasiminin ardınca mərhum II Fəxri xiyabanda dəfn olunub.

Qeyd edək ki, AMEA-nın Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinin müdiri, professor Oqtay Əbdülkərim oğlu Əfəndiyev fevralın 27-də, 87 yaşında vəfat edib.

Oqtay Əbdülkərim oğlu Əfəndiyev 26 mart 1926-cı ildə Bakı şəhərində anadan olub. Moskva Şərqşünaslıq İnstitutunda təhsil alan O.Əfəndiyev Səfəvilər (Qızılbaşlar) dövlətinin siyasi, ictimai-iqtisadi tarixini araşdırıb, bu dövlətin inkişafında Azərbaycan türklərinin aparıcı rolunu ilk dəfə dövrün müxtəlif fars dilli salnamələri və sənədləri əsasında üzə çıxarıb. Bununla da tarix elmində Səfəvi dövlətinə "İran dövləti" kimi ənənəvi baxışın yanlış olduğu sübut edilib. XV-XVI əsrin bir sıra əlyazma mənbələrini ilk dəfə tədqiqata cəlb edən O.Əfəndiyev tarix elmində "İranlı Don Juan" adı ilə məşhurlaşmış Orucbəy Bayatın Azərbaycan türkü olduğunu təsbit edib və onun əsərini rus dilində çapa hazırlayıb. 7 cildlik "Azərbaycan tarixi"nin 3-cü cildinin (XII-XVIII əsrlər) məsul redaktoru və müəlliflərindən olub. 2004-cü ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

AzNews.az
Bağla X