Ukraynada iş adamı İqbal Mahmudovu qətlə yetirənlər bəlli oldu

Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayət təşkilatının sədri İqbal Mahmudovun qətli ilə bağlı məhkəmə öz işini davam edir.

Dünən keçirilən məhkəmə iclası barədə APA-ya məlumat verən İqbal Mahmudovun qardaşı arvadı Taisiya Mahmudova bildirib ki, təqsirləndirilən şəxslərdən yalnız Zahid Əhmədov və Denis Qritsay öz günahını qismən etiraf ediblər: "Təqsirləndirilən Zahid Əhmədov bildirib ki, qətlin təşkilini və icrasını o təşkil edib. Denis Denisov isə ümumiyyətlə həbsxanadan çıxmaq istəmirdi, ona görə də məhkəmə iclası 3 saat gecikdi. Biz hələ də o fikrində qalırıq ki, qətlin əsl sifarişçisi hələ də azadlıqdadır. Məhkəmədə vəkilimiz sədrdən tələb edib ki, təqsirləndirilən şəxslərdən ən azı ikisi ömürlük həbs cəzasını alsın. Növbəti məhkəmə iclası martın 21-də keçiriləcək və o iclasda artıq şahidlərin ifadələri dinlənəcək. Onu da qeyd etməliyəm ki cinayət işi ilə bağlı adı hallanan bir çox şəxslər həbs olunmayıb. Onların çoxu məhkəmə tərəfində təqsirləndirilən 4 şəxs arasında olmalı idi. Gələn məhkəmə iclaslarında bu məsələni də qaldıracağıq".

T. Mahmudova səfirlik və diaspora üzvlərdən dəstək olmamağından gileylənib: "İqbal Mahmudovun qətlindən sonra diaspora sanki dağılıb. Keçirilən 8 məhkəmə iclasında diaspora və səfirlikdən bir nəfər belə iclasda iştirak etməyib, iclaslara yalnız İqbal Mahmudovun qohumları və dostları qatılır. Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət edəcəyik və onlardan prosesə dəstək verilməsini xahiş edəcəyik".

Xatırladaq ki, İqbal Mahmudovun qətlə yetirilməsində 4 nəfər - Əhmədov Zahid Şıxəlı oğlu, Ağalarov Cavid Zakir oğlu, Qritsay Denis Oleqoviç və Denisov Denis Valentinoviç təqsirli bilinir. Faktla bağlı Ukrayna Cinayət Məcəllənin 115 (qəsdən adam oldürmə) və 263-cü maddələri (odlu silahın qanunsuz əldə edilməsi və saxlanılması) üzrə cinayət işi başlanıb.

AzNews.az