09:12
(077) 610-22-33

ABŞ-ın Azərbaycandakı səfiri məcburi köçkünlərlə görüşüb

  • >
182 5 Mart 2013 16:18 | Hadisə

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Bakıda və şəhər ətrafında məcburi köçkünlərin məskunlaşdığı bir neçə məkana baş çəkib.

Səfirlikdən APA-ya verilən məlumata görə, R. Morninqstar öncə Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada, sonra məcburi köçkünlər üçün inşa edilmiş məktəbdə olub.

Səfir Müşfiqabad qəsəbəsinə də səfər edərək yerli sakinlərlə görüşüb, tezliklə məcburi köçkünlərin ixtiyarına veriləcək məktəbə baş çəkib və ərazidə həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olub. Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov səfiri və onun rəhbərlik etdiyi nümayəndə heyətini müşayiət edib.

R. Morninqstar 90-cı illərdə bir neçə çadır düşərgəsinə baş çəkdiyini və bunun bütün azərbaycanlılar üçün necə çətin bir məsələ olduğunu anladığını bildirib: "Mən bilirəm ki, Azərbaycan hökuməti məcburi köçkünlərə və qaçqınlara kömək etmək üçün çoxlu işlər görüb. Şadam ki, Birləşmiş Ştatlar və müxtəlif beynəlxalq təşkilatlar da köçkünlərə və qaçqınlara öz köməkliklərini göstəriblər. Dağlıq Qarabağ münaqişəsini mümkün qədər tez həll etmək və müxtəlif yerlərdə müvəqqəti məskunlaşan bu ailələrə öz evlərinə qayıtmaq imkanı vermək vacibdir".

AzNews.az
Bağla X