23:40
(077) 610-22-33

Ölən kursantın qardaşı AzNews.az-a danışdı – Müəmma

  • >
330 5 Mart 2013 17:06 | Hadisə

“MƏNƏ QARDAŞIMIN ÖLÜM SƏBƏBİNİ GÖSTƏRSİNLƏR”



"Yoldaş general, indi mən susuram, siz danışın, niyə bu hadisə baş verdi?"

"GECƏ YATDIĞI YERDƏ XIRILTI SƏSİNƏ AYILIBLAR, TİBB MƏNTƏQƏSİNƏ APARANDA GEC OLUB"


Martın 2-də gecə saat 03.05 dəqiqədə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə vəfat edən kursant Əmikişiyev Raqil Arazxan oğlunun ailəsi hadisənin araşdırılaraq ədalətin bərqərar olmasını tələb edir. Kursantın qardaşı Rabil Əliyev AzNews.az-a açıqlamasında ölüm səbəbləri barədə məlumat verilməməsi ilə yanaşı, biganəlikdən də narahatlığını dilə gətirib:

"Mən bir qardaş kimi maraqlanmaq istəyirəm ki, ölüm hansı səbəbdən baş verib? İndiyə qədər nə Müdafiə Nazirliyindən, nə də Naxçivanski adına Hərbi Liseydən bizə açıqlama verilməyib".

Rabil Əmikişiyev kursantın hansısa xəstəliyinin olması ehtimalını da rədd edir: "Hər şənbə komissiyadan keçirilərək evə buraxılıb. Bizim uşağımız tam sağlam olub. Nümunəvi xidmət edib. Tez-tez məni nümunəvi xidmətinə görə liseyə çağırıblar. Hadisə birdən-birə baş verib. Yanında olan yoldaşlarının dediyinə görə, gecə yatdığı yerdə xırıltı səsinə ayılıblar. Tibb məntəqəsinə aparana qədər dünyasını dəyişib".

Ölümün kursantlar arasında hansısa münaqişə ilə əlaqələndirilməsi ehtimalına gəlincə isə, Rabil Əmikişiyev "Qanun hər şeydən yuxarıda dayanır. Biz ədaləti tələb edirik. Təki xəstəlikdən olsun, nə qədər qəribə olsa da mənim istədiyim budur. Təki kiminləsə savaşmadan olmasın" - deyib.

Ekspert rəyinin martın 14-də açıqlanacağını bildirən R.Əmikişiyev "Biz ölümün səbəbini bilmək istəyirik" deyə vurğulayıb: "Əgər Raqil xəstə idisə, niyə onu liseyə qəbul edirdilər? Bu məktəb komandir yetişdirir, yetişdirdiyi komandirin vəziyyətindən də xəbərdar olmalıdır. Mən qardaşımı generala təhvil vermişəm. O zaman general çıxış edib dedi ki, bunlar artıq bizim övladımızdır. Yoldaş general, indi mən susuram, axı Raqil sizin övladınızdır, siz danışın, niyə bu hadisə baş verdi? O general (liseyin direktorunu nəzərdə tutulur-E.Ə) bizimlə heç əlaqə saxlamadı. Bizimlə ancaq bölük komandiri Fazil müəllim əlaqə saxlayıb. Onunla da qardaş kimi olmuşuq, 3 ildir münasibətimiz var. O da qardaş kimi zəng edir. Hərbi liseydən mənə zəng edib səbir diləyən ancaq həmin şəxsdir, o da mənim yaxın dostumdur. Başqa heç kəs maraqlanmır, heç bağsağlığı da verməyiblər. Ancaq tələbə yoldaşlarıdır, onlar da mənim öz övladlarımdır. Müdafiə Nazirliyindən də gələn olmayıb".

R.Əmikişiyev mətbuatın da məsələyə laqeyd münasibətindən şikayətlənib: "İndiyə qədər heç bir televiziyadan maraqlanan olmayıb. Görürük ki, küçədə bir insanın başına hansısa hadisə gələndə dərhal hamı ondan yazır, çəkiliş aparırlar. Amma bu kursantın ölümü ilə heç kəs maraqlanmır. Bizim də başımız hələlik qarışıqdır, biz də bir şey fikirləşəcəyik. Bizim ailəyə ən çox təsir edən hörmətsiz yanaşmadır. Azərbaycan əsgəri müəmmalı şəraitdə dünyasını dəyişirsə, buna hörmətsiz yanaşmaq olmaz. Torpaq da belə verilir. Mənə ölümün səbəblərini göstərsinlər, mən səbəblərlə razılaşaram. Deyərəm ki, vətəni, torpağı qorumaq üçün oxuyurdu, bu yolda da şəhid olub. Amma bizimlə heç kəs maraqlanmır, qoca ata-anamız var. Raqili mən böyütmüşəm, o mənə övladım kimi idi. Demirəm ki, gəlsinlər, rayon yeridir, uzaqdır. Ancaq heç olmasa zəng edib başsağlığı vermək, məsələnin səbəblərilə maraqlandıqlarını bildirmək olardı".

Qardaşı deyir ki, Raqil təhsil aldığı 3 il müddətində heç nədən şikayətlənməyib: "Şənbə günü gəlirdi, bazar günü saat 7-də özüm aparıb liseydə təhvil verirdim. Kursantlar evə gəlib qayıdanda nəsə xəstəliyi olarsa valideyni günahlandırırlar. 3 ildə ona verilən 180 baldan ancaq 20 bal çıxılıb, o da yoldaşına imtahanda kömək etdiyinə görə. Nümunəvi kursant olub, heç bir problemi olmayıb. Əgər narahatlıq olubsa da, məndən əvvəl ilk növbədə liseydəkilər bilməli idilər. Biz sadəcə ölüm səbəbinin bilmək istəyirik, ədalətə, qanunun ucalığına güvənirik".

Xatırladaq ki, ölümlə bağlı martın 3-də Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Rəsmi məlumata görə, ölümün hansı səbəbdən baş verdiyi ilə əlaqədar prokurorluq orqanları araşdırma aparır.
Müdafiə Nazirliyi Yardımlı rayonunun Bozayran kəndində anadan olan Raqilin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verib.
Allah rəhmət eləsin!


Mövzunu diqqətdə saxlayacağıq.
Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X