Özünü yandıran qızın vəziyyəti ağırdır

Gəncə şəhərinin Nizami rayonunun Gülüstan qəsəbəsi ərazisində məskunlaşan 1998-ci il təvəlüdlü Almaz Kərimlinin özünü yandırması barədə məlumat vermişdik. Səbəb isə Gəncə şəhər Inzibati-Iqtisad Məhkəməsinin sədri Zərbəli Zərbəliyevin yaşadıqları evi əllərindən almaq niyyəti olub.

Polislərin evə gəldiyi, mənzillərini boşaldacaqlarını görən evin 15 yaşlı uşağı özünə qəsd etməyə məcbur olub. Əvvəlcə Gəncə şəhər 3 saylı xəstəxanaya yerləşdirilən, sonra paytaxtın 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirilən Almaz Kərimlinin vəziyyəti ağırdır. Atası Şamil Kərimov "Azadlıq"a deyib ki, övladının səhhətində hələlik heç bir irəliləyiş yoxdur: "Əlləri yanıb, dərisi suluq bağlayıb".

Şamil Kərimov Gəncə rayon prokurorluğunun müstəntiqinin ondan izahat aldığını dedi: "Yalnız bizimlə maraqlanan və izahat alan müstəntiqdir. Heç kim bizimlə maraqlanmır. Ailəmin həyatı üçün narahatam, ancaq bizə diqqət edən yoxdur".

AzNews.az