03:24
(077) 610-22-33

“Həyatım təhlükə altındadır, yardım edin”

  • >
303 19 Mart 2013 10:45 | Hadisə

Nemət Pənahlının həbsxana yoldaşı Prezidentdən kömək istədi



"Bizim Yol"un məlumatına görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində (CM) cəza çəkən məhkum İlqar Zamanov prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova və milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edib. Məhkum prezidentdən və məmurlardan təhlükəsizliyinin təmin olunmasında ona köməklik göstərmələrini xahiş edib:

"Mən 18.06.2010-cu il tarixindən bu müəssisədə cəza çəkirəm. Müəssisədə çəza çəkən məhkum Nemət Pənahlıyla yaxın münasibətim yaranıb, onun haqq uğrunda mücadiləsini, dustaqların hüquqlarının pozulmasına qarşı çıxmasını, rüşvətxorluğa qarşı çıxmasını dəstəklədiyim üçün dəfələrlə mənə qarşı təzyiqlər olub, dəfələrlə şantaj olunmuşam. Həmin şəxslərin məqsədi mənim gözümü qorxudaraq, Nemətlə əlaqəmi kəsmək olub.

Sizə ünvanlanmış şikayət ərizələrinə qol çəkən dustaqlara rəhbərliyin əlaltıları tərəfindən dəfələrlə xəbərdarlıq olunaraq "Nemət bu "zon"dan köçürüləndən sonra sizin işinizə baxılacaq" deyilib. Nemət Pənahlı qapalı rejimə köçürüləndən sonra bu durumdan istifadə edəcəkləri ilə məni təhdid edirlər. Ona görə həyatımın təhlükə altında olduğunu cəmiyyətə və səlahiyyətli şəxslərə bildirməyə məcburam. Çünki şikayət ərizələrinə görə daha bir məhbusu özünü öldürmək həddinə çatdıraraq, özünə ağır bədən xəsarətləri yetirməsinə, intihar etməsinə təhrik ediblər. Hazırda vəziyyəti ağır olduğundan müalicə müəssisəsində saxlanılır. Mən Nemətlə bir yerdə qaldığıma görə, məni bundan da böyük təhlükə gözləyir. Həyatımın təhlükə altında olmasından əminəm. Buna görə də sizdən mənim təhlükəsizliyimi təmin etməyinizi xahiş edirəm".
Gozetci.az portalına verilən məlumatda o da bildirilir ki, məktub bir həftə öncə yazılıb:

"Məktubda barəsində danışılan və özünə ağır bədən xəsarətləri yetirən məhbus Telman Əsədov müəssisəyə qaytarılaraq 1 aylığına karserə yerləşdirilib. Bundan sonra onunla bağlı Ombudsman Aparatına müraciət olunduğunu bilən müəssisə rəhbəri onu karserdən çıxararaq, saxlandığı 1-ci korpusdan yerini dəyişib, 3-cü korpusa yerləşdirib. Ombudsman Aparatının nümayəndəsinin məhbusla görüşdüyü bildirilir".

Qeyd edilənlərlə bağlı Penitensiar Xidmətin mövqeyini dərc etməyə hazırıq.

AzNews.az
Bağla X