Daşkəsəndə oğulun ata-anasını döyməsinin bəzi təfərrüatı məlum olub. Daşkəsəndə oğulun ata-anasını döyməsinin bəzi təfərrüatı məlum olub.

Oğulun ata-anasını baltalamasının - Təfərrüatı

Daşkəsəndə oğulun ata-anasını döyməsinin bəzi təfərrüatı məlum olub.

Qabaqtəpə kəndindən AzNews.az-a verilən məlumata görə, hadisə axşam saatlarında baş verib.

“Firdovsi anası Tamara Bağırova ilə mübahisə edərək, evlərinin satılmasını tələb edib. Ana isə onun istəyinə qarşı çıxıb. Bu zaman Firdovsi anasının üstünə yeriyərək, onu o ki var, kötəkləyib. Onun çığırtısına uzaqda olan həyat yoldaşı İlyas Bağırov gəlib. Arvadını oğlunun əlindən almaq istəyən İlyası da Firdovsi al-qana boyayıb. Hər ikisinin başı zədələnib, çoxlu sayda qan itiriblər. İndi ikisi də xəstəxanadadır, ölüm ayağındadırlar. Firdovsi isə qaçıb aradan çıxıb”.

Kənd sakinlərinin sözlərinə görə, Firdovsi əvvəllər 7 il həbs həyatı yaşayıb: “Anası 7 il həbsxana yollarında qalıb. Yeməyib, içməyib aldığı pensiyanı onun yollarında xərcləyib. Firdovsinin ailə-uşağı vardı. Həbsdən çıxandan sonra onlara işgəncə verdiyindən, həyat yoldaşı da evdən çıxıb gedib”.

Qeyd edək ki, Daşkəsəndə oğul ata-anasını baltalayıb. Rayonun Qabaqtəpə kəndində yaşayan 1944-cü il təvəllüdlü İlyas Həmzə oğlu Bağırov və həyat yoldaşı, 1954-cü il təvəllüdlü Tamara Mövsüm qızı Bağırova axşam saatlarında onlarla birgə yaşayan oğulları tərəfindən baltalanaraq xəsarət alıblar.

Bahar RÜSTƏMLİ
AzNews.az