N!DA hərəkatının daha bir üzvü istintaqa çağırıldı

"Qafqazinfo"nun məlumatına görə, bu barədə hərəkatın rəsmi facebook səhifəsində məlumat verilib. Gənc NİDA-çı Zaur Qurbanlı Ağır Cinayətlərə Dair İstintaq idarəsinə aparılıb. Bu barədə vəkil Xalid Bağırovun məlumat verdiyi deyilir.

Qeyd edək ki, martın 7-də NİDA-nın üç üzvü – Əzizov Məmməd Rasim oğlu (11.08.1992), Quliyev Bəxtiyar Səməndər oğlu (25.02.1993) və Novruzlu Şahin İbrahim oğlu (16.09.1995) mülki geyimli şəxslər tərəfindən saxlanılıblar. Gənc fəallara qarşı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Martın 14-də isə NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşad Həsənov həbs olunub. Rəşad Həsənova AR CM-nin 228.3-cü (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Həbs olunanlar barəsində məhkəmə həbs qətiimkan tədbiri seçib.

Martın 30-da isə NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvləri Rəşadət Axundov və Üzeyir Məmmədli barəsində həbs qətiimkan tədbiri seçilib.

AzNews.az