İlqar Məmmədova yeni ittiham irəli sürüldü

İsmayıllı hadisələrinə görə tutulan müxalif REAL hərəkatının sədri İlqar Məmmədova daha ağır ittiham irəli sürülüb. Məlumatı "Media forum" saytına vəkil Xalid Bağırov verib.

Vəkilin sözlərinə görə, istintaq qrupunun üzvü, müstəntiq Nadir Mirzəyev aprelin 30-da Bakı İstintaq Təcridxanasına gedərək ittihamı elan edib: "İsmayıllı hadisələri dalğasında həbs olunanların hamısının ittihamı ağırlaşdırılmışdı. Aprelin 30-da İlqar Məmmədova da yeni ittiham verildi. Vəkil Fuad Ağayevlə mən də dindirmə prosesində iştirak etdik. Digər təqsirləndirilən şəxslər kimi onu da indiyədək Cinayət Məcəlləsinin 233-cü və 315.2-ci maddələri ilə ittiham edirdilər. Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə ittihama xitam verildi və 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddə ilə ittiham irəli sürüldü. Bu, daha ağır ittihamdır. 233-cü maddə ictimai qaydanın pozulması hərəkətlərində iştirakı nəzərdə tuturdu".

Xalid Bağırov hesab edir ki, Qubada və İsmayıllıda baş verən hadisələr eyni xarakterlidir, eyni səbəblərdən yaranıb: "Lakin hakimiyyət göstərdi ki, İsmayıllı hadisələrinə hüquqi baxımdan fərqli qiymət verməyi planlaşdırır. Qubada baş verən hadisələrdə olduğu kimi İsmayıllı olaylarına görə də cinayət işi Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə başlamışdı. İndi isə hakimiyyət İsmayıllı hadisələrinə görə tutulanların maddələrini ağırlaşdırmaq qərarı verib. Uzun illərdir Azərbaycanda heç kim Cinayət Məcəlləsinin 220-ci maddəsi ilə mühakimə olunmayıb. Hesab edirik ki, 220-ci maddəni birbaşa İlqar Məmmədova görə tətbiq edirlər. Hakimiyyət onu uzun müddət həbsdə saxlamaq istəyir. Başqa heç bir səbəb yoxdur".

Vəkilin sözlərinə görə, İlqar Məmmədov yeni ittihamla bağlı ifadə verib: "Dedi ki, hakimiyyət prezidentliyə namizədliyini irəli sürməsindən narahat olub, ona görə də uzun müddət həbsdə saxlamaq, cəzalandırmaq, prezidentliyə namizəd olmasını əngəlləmək istəyir. İlqar bəy bütün bunların siyasi sifarişlə həyata keçirildiyini, fəaliyyətinə verilən siyasi qiymət olduğunu söylədi. Çünki işdə heç bir hüquqi əsas yoxdur".

İlqar Məmmədov fevralın 4-dən həbsdədir.

AzNews.az