Polisin döydüyü hamilə qadın xəstəxanadan çıxdı

Mərdəkanda rəfiqəsi Xryaşova Yelena Sergeyevnanın mənzilində polisin hücumuna məruz qalaraq döyülən Aygün Absalamova artıq müalicə olunduğu 3 saylı Şəhər Xəstəxanasının doğum şöbəsindən evə buraxılıb. Bu barədə məlumatı AzNews.az-a Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova verib.

Mərkəz rəhbəri bildirib ki, hazırda qadının vəziyyəti normaldır və uşağın həyatı üçün təhlükə artıq sovuşub: "Qadınlara hücum edən polis əməkdaşı ilə bağlı istintaq davam edir. Aygün Absalamova bir aydan sonra körpəsini dünyaya gətirəcək. Bundan sonra onu körpəsi ilə bərabər sığınacağa yerləşdirməyi planlaşdırırıq".

Xatırladaq ki, A. Absalamova aprelin 17-də Mərdəkanda R.Cəfərov küçəsi 6 ünvanında yaşayan Rusiya vətəndaşı Xryaşova Yelena Sergeyevnanın mənzilində sahə müvəkkili Qamboy Məmmədov tərəfindən döyülərək xəstəxanalıq olmuşdu.

Elnarə
AzNews.az