Aksiyada tutulan gənclərdən xəbər var

ADNA terrorunun 4-cü ildönümü ilə bağlı aksiyada həbs olunan müxalifətçi gənclərdən xəbər var.

Xatırladaq ki, aprelin 30-da ADNA terrorunun 4-cü ildönümü ilə əlaqədar keçirilən aksiyada NİDA vətəndaş hərəkatından Turqut Qəmbər, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və "Azad gənclik" təşkilatının üzvü İlkin Rüstəmzadə saxlanılıb. Hər üç gəncə Nəsimi Rayon Məhkəməsində 10 sutka inzibati həbs cəzası verilib.

Hər üç gəncin saxlanma şəraiti, əhvalları barədə məlumat almaq üçün onların təmsil olunduqları təşkilatların üzvləri ilə əlaqə saxladıq.

Azad Gənclik Təşkilatının (AGT) sədri Ülvi Həsənli ADNA aksiyasında həbs olunan İlkin Rüstəmzadənin əhval-ruhiyyəsinin yerində olduğunu, həbsdə gününü mütaliə ilə keçirdiyini, ümumiyyətlə ümumi vəziyyətin normal olduğunu bildirib.

NİDA hərəkatının üzvü Turqut Qəmbərin də həbsdə vəziyyətinin normal olduğunu öyrəndik. NİDA-çının qardaşı İlkin Qəmbər bildirib ki, həm T.Qəmbərə, həm də digər saxlanılanlara gündəlik mətbuatın, azuqənin və digər vacib ləvazimatların çatdırılmasında heç bir problem yoxdur: "Bundan başqa, Turqutun dişi şiddətli halda ağrıyır. Bu gün ona baş çəkənlər olacaq".

AXCP Gənclər Komitəsinin sədr müavini Elnur Məcidli isə Əbulfəz Qurbanlının səhhətinin və əhvalının yerində olduğunu, vaxtında azuqə, qəzet və s. lazım olan əşyaların çatdırıldığını deyib. E.Məcidli bildirib ki, Ə.Qurbanlı ilə görüşə isə icazə verilmir.

Hazırda həbs olunan gənclər Binəqədi rayonunda yerləşən müvəqqəti saxlama təcridxanasında saxlanılırlar.//musavat.com//

AzNews.az