Gənc fəala ekspertiza rəyi elan olundu

Mayın 3-də vəkil Əsabəli Mustafayev Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında AXCP üzvü Daşqın Məlikovla görüşüb.

"Media forum" saytına açıqlamasında vəkil deyib ki, gənc fəala ekspertiza rəyi elan olunub: "Müstəntiqlə bir yerdə ona narkoloji ekspertizanın rəyi elan olundu. Ekspertiza rəyində bildirilir ki, Daşqında narkotik maddənin qəbulunu göstərən heç bir əlamət aşkarlanmayıb. Daşqının narkotikdən istifadə etmədiyi, ona aid olduğu bildirilən narkotikin ona dəxli olmadığı barədə indiyə kimi dedikləri dolayısı yolla təsdiqini tapdı. Daşqın narkotik qəbul etmiş olsaydı, bu, ekspertiza ilə müəyyən edilməliydi. Məsələ ilə bağlı müəyyən vəsatətlər hazırlayıb istintaqa təqdim edəcəyik".

Daşqın Məlikov martın 25-də Sumqayıtda tutulub. O, Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə ittiham olunur.

AzNews.az