22:29
(077) 610-22-33

İcra başçısı telefonuna zəngə gələn işçini iclasdan qovdu

  • >
189 4 May 2013 09:01 | Hadisə

Elmar Vəliyevin Gəncəyə icra başçısı təyin olunması ilə ölkənin bu ikinci şəhərində yeni bir dövr başlanıb. E.Vəliyevin adını indi ən çox tənqid olunan məmurlar sırasında görmək olar. Onun prezidentin müşavirəsində halının pisləşdiyi, bu günlərdə isə dövlət başçısı tərəfindən yenidən kəskin şəkildə danlanması xəbərlərini xatırlamaq kifayətdir. E.Vəliyev ictimai rəydə gəncəlilərlə kobud davranan, bəzən vətəndaşları təhqir edən bir başçı kimi də yadda qalıb. Şəhər əhalisi isə E.Vəliyevin prezidentin məmurlara barmaq silkələməsindən sonra da hərəkətlərində müsbətə doğru irəliləyiş olmadığı qənaətindədir.

Ötən gün bu şəhərdə olarkən söhbət etdiyimiz Gəncə sakinlərindən biri buna misal olaraq bir faktı danışdı: "Elmar Vəliyev hər həftə büdcə təşkilatlarının işçilərini bir yerə toplayıb iclas keçirir. Bu günlərdə keçirilən iclaslardan birində Sanitariya və Epidemiologiya İdarəsinin əməkdaşı iştirak edib. O bilmədən mobil telefonunu söndürməyib. İclas zamanı ona zəng gəlib. İcra başçısı telefon zənginin kimə gəldiyini deyərək həmin şəxsin ayağa qalxmasını tələb edib. O yazıq da qalxıb ayağa və ona zəng gəldiyini bildirib. Elmar Vəliyev onu danlayıb, ağır sözlər deyib və iclasdan qovub. Sonra onu polisə aparıblar və gecə saat 12-yə kimi polisdə saxlayıblar. Onun nə günahı var? İnsandır da. Adama zəng gələ bilər, ailədən təcili evə çağıra bilərlər. Buna görə vətəndaşı təhqir edib iclasdan çıxarmaq və gecəyə kimi polisdə saxlamaq məmura yaraşan hərəkət deyil. Gecəyə kimi ailəsi nigaran qalıb. Qorxublar ki, onu həbs edəcəklər. Lap elə bil əcəl zəngi gəlib. Bax, Gəncədə vəziyyət belədir..."

Afrikadan gəlirəm, yüküm...

Şəhərin sıxılıb əzilmiş, ciddi polis nəzarəti altında olduğunu deyən müsahibimizin sözlərinə görə, indi gəncəlilər keçmiş icra başçısının atasına rəhmət oxuyurlar. Camaatın fikrincə, Eldar Əzizovun dövründə vəziyyət bu dərəcədə ağır deyildi. Hətta el arasında belə bir zarafat da yaranıb ki, Əzizov əhalini rusca, indiki başçısı isə ana dilində təhqir edir. Şəhər sakini bildirir ki, fərq bundan ibarətdir: "Tutaq ki, şəhərin hər hansı küçəsində iş gedir. Bu vaxt həmin küçədə yaşayan bir qadın çıxıb şikayət edirsə ona ağır söz deyirlər. İnsanları qorxutmağa çalışırlar. Rejim sərtləşdirilib. Polis sistemi gücləndirilib. İnsanlar çayxanada rahat oturub danışa bilmirlər. Gəncə heç tarixən belə hala düşməmişdi".

Gəncədə indi ən çox danışılan məsələ icra başçısının Afrikadan gətirtdiyi ağaclardır. İcra başçılarının Afrika sevdasının haradan qaynaqlandığı isə Gəncədə olarkən aydınlaşdı. Demə, ağacları gətizdirib pulunu sahibkarlara ödədirlər. Şəhər sakini danışır ki, Gəncəyə Afrikadan minlərlə ağac gətirib "Kəpəz" oteli və aeroport yolu üstündə əkiblər: "Heç bir ekzotikası olmayan bu ağaclar artıq quruyub. Çünki onlar bu iqlimdə və şəraitdə qala bilməzlər. Gəncənin çinar ağacları isə kəsilib məhv edilir. Şəhərin girəcəyində 50-60 belə ağac yaşıl soyqırıma məruz qalıb".

"İmamzadə" türbəsi arxivə gedir

Gəncəlilərin şikayətləndiyi problemlər içində ara yolların bərbad vəziyyətdə olması, inşaat işlərinə kənardan işçi qüvvəsinin cəlb olunması və şəhərin tarixi görkəminin dəyişdirilməsidir. Xüsusilə də, "İmamzadə" tarixi-dini kompleksində aparılan yenidənqurma işləri əhalini narahat edir. Gəncə əhlisinin fikrincə, "İmamzadə" türbəsində yenidənqurma işləri bu abidənin tarixiliyinin itməsinə gətirib çıxaracaq. Gəncəli Nadir Əzizov: "Restavrasiya işləri aparılarkən abidənin tarixiliyi məhv olur. Şəhərə rəhbər gəldiyi vaxtdan burada qədimi tikililər ya sökülüb, ya üzü dəyişdirilib tanınmaz hala salınıb. Axı abadlıq-quruculuq belə olmur?!" Hazırda "İmamzadə" kompleksi yaxınlıqdakı qəbiristanlıqdan ayrılıb. Bunu belə əsaslandırıblar ki, məzarlığa gedənlər orada ağlayıb, dərdini bölüşür, burada isə insanlar mənəvi dinclik tapır. Hətta Qafqaz Müsəlmanları İdarəsinin yerli nümayəndəsi mətbuata açıqlamasında deyib ki, ağlaşma ilə mənəvi rahatlığın bir-birinə qarışmasını istəməyiblər.

Gəncənin ictimai-siyasi həyatında isə yenilik yoxdur. Müxalifətçiləri çayxanadan-çayxanaya qovurlar. Gəncə müsavatçıları Bakıda izdihamlı mitinqlərin keçirilməsini gözləyirlər. Hesab edirlər ki, mərkəz tilsimi qırsa əyalətlərdə də etiraz dalğası başlayacaq. "Gəncə Bakıdan həmişə bir period geri qalıb. Bizdə nədənsə gənclərin də fəallığı nəzərə çarpmır. Bir tərəfdən də insanları qorxudur, xof mühiti yaradırlar. Ancaq Gəncə bir qığılcıma bənddir. Bakı qalxsa etirazlar bura sıçrayacaq"- gəncəli müsavatçılarının ümumi rəyi belədir.//musavat.com//

AzNews.az
Bağla X