Döyülən fəhlənin atası: “Ağdamdan gəlib, burda “at oynadırlar”” Döyülən fəhlənin atası: “Ağdamdan gəlib, burda “at oynadırlar””

“Qız qeyrəti çəkən özü savaşar, daha...” - İNSİDENT

Döyülən fəhlənin atası: “Ağdamdan gəlib, burda “at oynadırlar””




Xəbər verdiyimiz kimi, dünən paytaxtın Nəsimi rayonu ərazisində, Möhsün Sənani və Səməd Vurğun küçələrinin kəsişməsində, yeni tikilməkdə olan super marketdə fəhlə işləyən 1988-ci il təvəllüdlü Rəyyam Ağayev ölümcül döyülüb. AzNews.az –a daxil olan məlumata görə, fəhləni döyən tikinti aparılan məhəllənin sakinləridir.

İnsidentin qız məsələsi ilə əlaqədar yarandığı bildirilir. Məlumata görə, gənc fəhlə məhəllə sakini olan qıza söz atıb və bundan sonra qızın ailəsi, xüsusən də atası ona hücum edərək, döyüblər. Daha sonra insidentə qızın qardaşı da qoşulub.

Döyülən gəncin atası Rasiq Ağayev AzNews.az –a açıqlamasında oğlunun vəziyyətinin ağır olduğunu deyib: "Hadisə vaxtı ağır travmalar alıb. İlk zərbəni də boynuna vurublar. Dərhal da huşunu itirib. Necə döyülməsindən xəbəri olmayıb. Baş beynin qapalı travması diaqnozu qoyulub. Sifətində gematoma var. Almacıq sümüyü qırılıb".

Hadisənin səbəbinə gəlincə, atası Rəyyamın heç nə xatırlamadığını söyləyib: "Mən əvvəl elə bildim ki, hadisə oğlumun günahı üzündən baş verib. Lakin oğlum özünə gələndən sonra dedi ki, hadisə bir sərxoşun, nə danışdığını bilməyən birinin ucbatından baş verib. Lakin oğlum aldığı xəsarətlər səbəbindən çox şeyi xatırlamır. Məsələn, onun tomoqrafiyaya necə apardıqlarından xəbəri olmadığını deyir. Halbuki həmin vaxt özünə gəlmişdi".

Hadisənin qız üstündə baş verməsi versiyası isə atanı özündən çıxarıb: "Mən o adamları tanıyıram – qızını, anasını qəbirdən çıxaran adamlardır. Ağdamdan gəlib, burda "at oynadırlar". Oğlumla bərabər mühafizəçi də olub. Ancaq onun xəsarətləri ağır deyil. İki nəfərə qarşı 20-dən çox adamla gəliblər. Qız qeyrəti çəkən özü savaşar, idmançıları gətirib bir adamın üstündə salmaz".

Xatırladaq ki, Rəyyam Ağayev hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Nəsimi rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları hadisə baş verən əraziyə gələrək fəhləni döyməkdə şübhəli bilinən bir nəfəri aparıb. İlkin məlumatlara görə, fəhləni döyən şəxslər Rəvan Qarayev və atası Rizvan Qarayev olub.

Ruhiyyə
AzNews.az