18:57
(077) 610-22-33

Nazirlik növbəti statistikanı açıqladı

  • >
192 7 May 2013 13:06 | Hadisə

Zəlzələdən ötən 1 il ərzində 3341 yaşayış evi tikilib, 1751 evin inşası isə davam etdirilir

Azərbaycanın şimal-qərb bölgəsində baş verən zəlzələdən bir il ötür.

APA-nın məlumatına görə, 7 may 2012-ci ildə episentri Zaqatala rayonu ərazisinə düşən zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəyib.

Hadisədən dərhal sonra zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən operativ qərargah yaradılıb, nazirliyin mütəxəssisləri dəymiş ziyanın müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq tədbirlər həyata keçirməyə başlayıblar.

FHN tərəfindən fəlakət bölgəsinə çoxlu sayda texnika, avadanlıq, çadırlar, ərzaq məhsulları və digər yardımlar, böyük miqdarda tikinti materialları göndərilib.

Azərbaycan prezidentinin göstərişlərinə əsasən, Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli sərəncamı ilə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq 20 milyon manat, 2012-ci il dövlət büdcəsində dürüstləşmə ilə əlaqədar təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün 300 milyon manat və Nazirlər Kabinetinin 24 oktyabr 2012-ci il sərəncamı ilə 100 milyon manat olmaqla, cəmi 420 milyon manat vəsait ayrılıb.

Ötən bir il ərazində zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilib.

FHN-in açıqladığı statistikaya görə, 1 may 2013-cü il tarixinə qədər zəlzələ bölgəsində 55886 ev və sosial obyektə baxış keçirilib, 6042 ev və sosial obyektə qəzalı, 10 827 ev və sosial obyektə bərpa, 21937 ev və sosial obyektə təmir, 16654 ev və sosial obyektə isə qənaətbəxş rəyi verilib.

Mayın 1-ə qədər Azərbaycanın zəlzələ baş vermiş şimal-qərb bölgəsindəki üç rayonda 3341 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb. Tikintisi başa çatdırılan evlərin 2843-ü Zaqatalada, 299-u Qax, 199-u isə Balakən rayonundadır. Hazırda 1751 evin tikintisi davam etdirilir.

Ötən il baş verən zəlzələ nəticəsində bölgədə sosial obyektlərdən 36 məktəbin, o cümlədən Zaqatalada 20, Qaxda 11, Şəkidə 3, Balakəndə 2 məktəbin tikintisinə başlanılıb. 1 may 2013-cü il tarixinədək 6720 şagird yerlik 26 məktəb binası, 55 yerlik 1 uşaq bağçası tikilib istifadəyə verilib.

Bu il mayın 1-ə qədər zəlzələdən ziyan çəkmiş əhaliyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq 17 milyon 734 min manаt yardım ödənilib. Bu vəsait Zaqatala, Qax və Balakən rayonlarında ümumilikdə 5077 ailəyə poçt vasitəsilə ödənilib.

AzNews.az
Bağla X