Bakıda sərnişin qatarı yük maşını ilə toqquşdu,yaralılar var - FOTO

Dünən axşam saatlarında Bakıda sərnişin qatarı ilə yük maşını toqquşub.

Hadisə təxminən saat 22.50 radələrində Pirşağı-Kürdəxanı mənzilinin 29-cu kilometrliyində qeydə alınıb. Bakıdan Moskvaya gedən sərnişin qatarı yolun mühafizə olunmayan hissəsindəki keçiddə "Shacman" markalı yük maşını ilə toqquşub. Qatar gələn vaxt yük maşını dəmir yolu xəttini keçirmiş.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbər şəxsləri qəzanın baş verdiyi yerdə gəliblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xüsusi qatarı da gətirilib.

Qeyd edək ki, yük maşını tikinti materialları ilə dolu olub. Toqquşma o qədər güclü olub ki, qatar yük maşınını sürüyüb aparıb.

Qəza nəticəsində Biləcəri lokomotiv deposuna məxsus elektrovozun maşinisti və köməkçisi, eləcə də, yük maşının sürücüsü xəsarət alıblar. Qatarda olan 10-a yaxın sərnişin də yaralanıb. Əraziyə çağırılmış təcili tibbi yardım briqadasının həkimləri xəsarət alan sərnişinlərə yardım ediblər.

Yük maşınının sürücüsü Habil Quliyevin vəziyyəti ağır olduğundan, 3 saylı şəhər xəstəxanasından Səhiyyə Nazirliyinin Neyrocərrahiyyə İnstitutuna aparılıb.//anspress//

AzNews.az