Vəkili Turqut Qəmbərin yanına buraxmırlar

"Nida" Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbərin ailəsi vəkil Nemət Kərimli ilə müqavilə bağlayıb. Məlumatı "Media forum" saytına vəkil verib.

Dövlət Neft Akademiyasında terrorun dördüncü ildönümünü anmaq üçün aprelin 30-da Bakıda "Terrora yox!" şüarı ilə keçirilən aksiyaya görə tutulmuş Turqut Qəmbər 10 sutka həbs cəzası alıb. O, Bakı Şəhər Baş Polis İdarəsinin Binəqədidəki məntəqəsində saxlanır.

Mayın 8-də "Media forum"a danışan Nemət Kərimli bildirib ki, Turqut Qəmbərlə görüşünə əngəllər törədilir: "3 saatdan artıqdır (vəkil sayta açıqlamanı saat 15 radələrində verib – red.) təcridxananın önündəyəm. Amma Turqut bəylə görüşümə müxtəlif bəhanələrlə icazə verilmir. Hələ də gözləyirəm. İçəridən isə heç bir məlumat ala bilməmişəm. Ombudsman Aparatına məlumat verdim. Onlardan cavab gözləyirəm".

AzNews.az