Lənkəran İcra Hakimiyyəti təkzib etdi

Lənkəran şəhər İcra Hakimiyyəti Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun rayona səfəri haqda bəzi mediada dərc olunmuş məlumatlarla bağlı açıqlama yayıb.

İH-nin mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, tia.az saytında Hüseynqulu Bağırovun Lənkəran şəhərində keçirdiyi qəbulu barədə yaydığı məlumat tamamilə yalan və dezinformasiyadır:

"Hüseynqulu Bağırovun qəbulu Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən deyil, müvafiq tədbirlər planına əsasən sözügedən nazirlik tərəfindən təşkil olunub və qəbula gələnlərin siyahısını da aidiyyəti qurumun rəsmiləri tərtib ediblər. İkincisi yazıdakı bəzi fikirlər əsas verir ki, bunları səsləndirən insanların çox cahil olduğunu düşünəsən. Yazılır ki, guya Hüseyqulu Bağırov Taleh Qaraşovu yanına çağıraraq, onu qəzəbli şəkildə acılayıb və bildirib ki, şikayətçiləri görüşə gətirsin. Görəsən, bu şəxslərin dövlət idarəçiliyinin subardinasiya qaydaları, tabelilik prinsipləri barədə təsəvvürləri varmı? Əsla yoxdur. Əgər olsaydı, onlar adi bir həqiqəti bilməli idilər ki, heç bir nazir heç vaxtı icra başçısını çağırıb danlamaz və ondan şikayətçi tələb etməz. Çünki hər bir nominal şikayətçi ölkə vətəndaşı olduğundan onun Konstitusiya normaları çərçivəsində istənilən dövlət orqanına müraciət etmək hüququ var və heç kəs onun bu hüququnu məhdudlaşdıra bilməz. Deməli, bu fikirlərin heç bir əsası yoxdur, tamamilə yalan və böhtandır".

İcra hakimiyyətinin açıqlamasında bildirilir ki, Azərbaycanın hər yerində olduğu kimi Lənkəran rayonunda da genişmiqyaslı quruculuq-abadlıq işləri aparılır: "Lənkəran şəhəri gündən günə abadlaşır. Yeni məktəblər, evləri qəzalı vəziyyətdə olan ailələr üçün çoxmərtəbəli yaşayış evi tikilir, köhnə çoxmərtəbəli yaşayış evlərində təmir-bərkitmə işləri görülür, mərkəzi xəstəxana əsaslı təmir olunur, parklar, bağlar salınır, yollar asfaltlanır, su-kanalizasiya sistemi əsaslı şəkildə yenidən qurulur, kütləvi şəkildə yaşayış məskənləri qazlaşdırılır. Görülən işlərin hamısını kiçik bir yazıda sadalamaq qeyri-mümkündür. Amma, sağlam düşüncəli insan üçün bu yazı da kifayət edir ki, bütün bu işlərin insanlar üçün, vətəndaşların xöş güzəranından ötrü edildiyini görsün və anlasın".

AzNews.az