Məzarlığa ziyarət bir müddət dayandırılacaq Məzarlığa ziyarət bir müddət dayandırılacaq

Quba məzarlığında tikinti işlərinə başlanacaq

Məzarlığa ziyarət bir müddət dayandırılacaq



Ermənilərin azərbaycanlılara qarşı 1918-ci ildə həyata keçirdiyi soyqırımının şahidi olan Quba məzarlığında mayın 15-dən tikinti işlərinə başlanacaq.

Bu barədə APA-ya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Quba Memorial Xatirə Kompleksində həyata keçirilən tikinti işlərinin nəzarətçi-tədqiqatçısı Qəhrəman Ağayev bildirib. Onun sözlərinə görə, məzarlığa ziyarət bir müddət dayandırılacaq: "Əvvəlcə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu məzarlıqda sümüklərin təmizlənməsi prosesini həyata keçirəcək. Daha sonra AMEA Fizika İnstitutu tərəfindən sümüklər hermetik şüşə altına qoyulacaq. Şüşənin altına bakteriyaları məhv etmək üçün ozon qazı buraxılacaq. Səhiyyə Nazirliyinin Məhkəmə Tibb-Ekspertizası və Patoloji Anatomiya Birliyi tərəfindən dərmanlanan 7000-ə qədər sümük də yerinə qoyulacaq".

Q. Ağayev bildirib ki, məzarlıqdakı 20 kv.m ərazi yenə də beynəlxalq ekspedisiyalar üçün saxlanacaq.

Qeyd edək ki, Quba məzarlığı 2007-ci ilin aprelin 1-də aşkarlanıb. Məzarlıqda sümüklərlə dolu birinci quyu həmin ilin iyul ayında, ikinci quyu isə sentyabr ayında tapılıb. Lakin lazımi tədbirlər görülmədiyindən məzarlıqdakı ikinci quyu 2007-ci ilin noyabr ayında dağılıb. 2009-cu ilin dekabrında prezident İlham Əliyev Quba Soyqırımı Memorial Xatirə Kompleksinin yaradılması haqqında sərəncam imzalayıb və bu məqsədlə 1milyon manat pul ayırıb.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Quba Soyqırımı Memorial Xatirə Kompleksində tikinti işlərinə 2010-cu ilin noyabr-dekabr aylarında başlanılıb. Hazırda kompleksdə son tamamlama işləri gedir.

AzNews.az