02:05
(077) 610-22-33

Əkrəm Əylisli 20 Yanvar və Xocalıdan yazmayacaq- Müsahibə

  • >
218 20 May 2013 07:46 | Hadisə

"Mən öz gözümlə görmədiyimi yazan adamlardan deyiləm"



Yazıçı Əkrəm Əylisli Modern.az saytının suallarını cavablandırıb


- Əkrəm müəllim, yeni nəsə yazırsınızmı?

- Yeni bir əsər üzərində işə başlamağa hazırlaşıram. Əvvəlcə əsərin havası gəlir, sonra əşyasını tapıram. Yəni əsərlərimi belə yazıram.

- Mövzu nədir?

- Bir insanın həyatıdır. Siyasətdən tam uzaq bir yazıdır. Bu insani əsər olacaq. Son vaxtlar çoxlu kitablar oxudum. Bu əsərdə də insan taleyinin bir dövrünü qələmə alacam.

- "Daş yuxular" kimi olmayacaq ki?

- O əsərlə bu əsərin heç bir əlaqəsi yoxdur.

- Ümumiyyətlə nə zamansa yenidən "Daş yuxular" kimi bir əsər yazmaq fikriniz yoxdur ki? Sadəcə bu dəfə reallıqları yazmaq - ermənilərin və Ermənistan dövlətinin azərbaycanlıların başına açdığı oyunlar haqda bir əsər.


- Hansı mövzuda?

- Məsələn Xocalı soyqırımına aid bir əsər ola bilər.

- O gələcəyin işidir. Məsələ burasındadır ki, mən öz gözümlə görmədiyimi yazan adamlardan deyiləm. O mövzunu məndən yaxşı bilən adamlar daha çoxdur.

- Xocalı soyqırımını görməmisiniz. Amma 1990-cı ilin 20 yanvarında Sovet ordusunun Bakıda törətdiyi qanlı hadisələri gözünüzlə görmüsünüz. O haqda yazmaq olardı məncə.

- Mən o haqda danışmaq istəmirəm. Həmin hadisələri görənlər də olub, görməyənlər də. O mövzuya qayıtmayaq.

- 20 yanvar hadisələrində Bakıda olmusunuz?

- Hə, o vaxt Bakıda olmuşam və uzun müddət heç yerə getməmişəm. Amma bu mövzuda söhbət eləmək istəmirəm.

- Deyirsiniz yeni əsər üzərində işə başlamağa hazırlaşırsınız. Yazacağınız əsəri roman kimi nəzərdə tutursunuz?

- İndiki dövrümüzdə minlərlə bədbəxt talelər var. Mənimki insan taleyidir. Mən elə "Daş yuxular"da da insan taleyi yazmışdım. Amma bu gəldi zamanla toqquşan məqama çıxdı. Yeni əsərimdə daha uzun illər boyu müşahidə elədiyim hadisələr əksini tapacaq. Bu, kənd və şəhər mühitinin keşməkeşlərini görmüş bir insanın dünyasıdır.

- Siyasi fəaliyyətlə məşğul olmaq fikiriniz var?

- Hamının yadındadır ki, biz - Ramiz Rövşən, Rafiq Əliyev, Eldar Namazov, Cəmil Həsənli Ziyalılar Forumunu yaradanda da qarşımıza siyasi məqsəd qoymamışdıq. Sizə də, mənə də aydındır ki, mənəvi aşılannma tək Azərbaycanda yox, dünyada gedir. Mənəvi aşılanmaya qarşı yaratmışdıq bu təşkilatı.

- Mənəvi aşılanma yoxsa mənəvi aşınma demək istəyirsiniz?

- Aşılanma deyirik, aşınmaq deyirik. Aşılanmaq da. Yəni mənəvi cəhətdən çürüntü.

- İndi nə oxuyursunuz?

- Son aylarda xeyli kitab oxudum. Elə əsərlər var ki, onu bir neçə dəfə oxuyuram. Ötən əsrin ən nəhəng yazıçılarından olan Qrem Qrinin üç romanını mütaliə elədim. Doğrusu, tələbə olmuşam, başım qarışıq olub deyə ardıcıl dünya ədəbiyyatını oxumamışdım. Onun əsərləri ilə tanış olandan sonra çox böyük yazıçı təsiri bağışladı. Hətta fikrim var idi ki, bu romanları tərcümə edim. Sonra gördüm ki, buna bir ömür lazımdır.

- Hazırda yoldaşınız, oğlunuz nə işlə məşğuldur?

- Bu barədə danışmaq istəmirəm.

- Gündəlik ictimaiyyət arasına çıxırsınız?

- Niyə çıxmıram e, mənə nə olub ki, çölə-bayıra çıxmayım? Mən bu söz-söhbətlə qurtarmışam, camaatı yenidən qızışdırmaq istəmirəm. Nə olub ki, mənə? Hamının öz işi var. Camaat işi ilə məşğuldur.

- Yəni demək istəyirəm ki, sizi görəndə insanların reaksiyası necə olur?

- Yaxınlaşırlar, söhbət edirik. İnsanlar müxtəlif olduğu kimi, fikirlər də müxtəlifdir.

AzNews.az
Bağla X