22:28
(077) 610-22-33

Alimlərimizin cəmi 5%-nə istinad edilir

  • >
124 29 May 2013 14:55 | Hadisə

Azərbaycanın alimlərinin yalnız 5,4%-nə dünyada istinad olunur



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA institutlarının qiymətləndirilməsinin yeni sistemi təqdim olunub.

APA-nın xəbərinə görə, akademik Əli Abbasov, AMEA-nın müxbir üzvü Asəf Hacıyev, texnika elmləri üzrə fəlsəfə doktoru Sərdar Şabanovun birgə hazırladıqları "Elmi nəticələrin keyfiyyətini qiymətləndirən ekspert-statistik yanaşma" adlı elmi məruzə Azərbaycanda alimlərin 30 faktor əsasında qiymətləndirməsini nəzərdə tutur.

Məruzəni təqdim edən A.Hacıyev bildirib ki, hazırda ölkədəki alimlərin yalnız 5,4%-nə dünya üzrə istinad olunur: "Həmin rəqəm azalmağa doğru gedir. Bu, çox ciddi siqnaldır".

A.Hacıyev deyib ki, elmi araşdırmaların keyfiyyətini qiymətləndirmək çox mürəkkəb bir sistemdir. Bu araşdırmaların tarixi ötən əsrin 60-cı illərindən başlayır. Həmin vaxt ABŞ-ın Filadelfiya ştatında İnformasiya Elm İnstitutu yaradılıb. O zamandan sonra bir qrup beynəlxalq elmi jurnal müəyyən olunub, hər jurnal üçün impakt faktor təyin edilib, istinad indeksi müəyyənləşib: "Alimləri müqayisə etmək üçün bu faktorlar lazımdır. Hazırda da müxtəlif ölkələrdə bir neçə belə beynəlxalq elmi bazalar yaradılıb. Hətta hazırda alimlərə Nobel mükafatı verilməsinin əsas tələblərindən biri budur ki, həmin alimə indiyədək nə qədər istinad olunub".

A.Hacıyevin sözlərinə görə, hazırda Azərbaycanda yalnız bir jurnalın impakt faktoru var, o da "Tətbiqi və hesablama riyaziyyatı" jurnalıdır: "Hazırda dünya üzrə qiymətləndirmə meyarlarında daha çox 6 məqam nəzərə alınır. Nobel mükafatları, Filds medalının laureatlarının sayı, impakt faktorlu jurnallarda çap olunma, alimə edilən istinadların sayı və s. əsas götürülür. Biz hesab edirik ki, bu 6 amil çox azdır. Bununla alimin fəaliyyətini qiymətləndirmək çox çətindir. Ona görə yeni yanaşma təklif etdik. Bu zaman 30-a yaxın faktor nəzərə alınacaq".

Qiymətləndirmə zamanı alimin impakt faktorlu jurnallarda çap olunmuş məqalələrinin, alimə edilən istinadların, yetişdirdiyi tələbələrin sayı, dünya konqreslərində iştirakı, dünyanın aparıcı universitetlərinə dəvət olunması, dərs deməsi və s. nəzərə alınacaq.

A.Hacıyev deyib ki, bu sistem əsasında alimlərin, daha sonra isə AMEA institutlarının reytinqi qiymətləndiriləcək. Bu sistem müxtəlif elmi mükafatların təltifində, elmi qurumlara və akademiyalara seçkilərin keçirilməsində, ali məktəblərdə professor vəzifələrinin tutulması zamanı da istifadə oluna bilər.

AMEA Rəyasət Heyətinin qərarına əsasən, məruzə bəyənilərək təkliflərini bildirmək üçün AMEA-nın elmi müəssisə və təşkilatlarına göndəriləcək.

AzNews.az
Bağla X