Torpaq uçqunu zamanı xəsarət alan şəxs dünyasını dəyişib

İyunun 7-də Şamaxıda baş verən torpaq uçqunu zamanı xəsarət alan şəxs dünyasını dəyişib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Pirsaat çayının Şamaxı rayonunun Sabir qəsəbəsinin ərazisindən keçən hissəsində baş verən torpaq sürüşməsi nəticəsində torpağın altında qalan qəsəbə sakini Kamal Həmidov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, FHN-in "112" qaynar telefon xəttinə Şamaxı rayonu, Sabir qəsəbəsi, Pirsaat çayı kənarından vətəndaş keçərkən torpaq uçqunu baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş torpaq uçqunu altında qalaraq xəsarət alıb. Zərərçəkən yanğınsöndürən-xilasedicilər tərəfindən torpaq altından çıxarılıb və Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

AzNews.az