Qazaxda ölən məktəblinin son sözləri : “Elə bilin, əsgərliyə gedirəm...“

Bakıdan rayona istirahətə gedən məktəbli ailəsini yasa batırıb. Milli.Az-ın məlumatına görə, Suraxanı rayon sakini Bilman Kazımbəyli ötən gün məktəb yoldaşının ailəsi ilə Qazax rayonuna dincəlməyə getsə də, evinə meyiti qayıdıb.

Dünən 16 yaşlı Bilman Kazımbəyli Kəmərli kəndində yerləşən su anbarına yıxılıb. Anbar dərin olduğundan onu xilas etmək mümkün olmayıb.

Qazax rayon prokurorunun müavini Cabir Qasımov açıqlamasında bildirib ki, B.Kazımbəyli əyilərək yuyunmaq istəyərkən suya düşüb. Onun meyiti sudan tapılaraq çıxarılıb.

Onu da əlavə edək ki, orta məktəbin 10-cu sinfini bu il başa vuran B.Kazımbəyli məktəb yoldaşının ailəsi ilə Qazax rayonuna dincəlməyə gedib. Hətta valideynləri ona getməyə icazə verməsələr də, B.Kazımbəyli onlara: "Elə bilin, əsgərliyə gedirəm, məni bayraqla gətirəcəklər", - deyərək onları razı sala bilib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


AzNews.az