Hava necə olacaq?

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 37 dərəcəyə kimi yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, Azərbaycanda yaxın 2-3 gün ərzində Azərbaycanda havanın temperaturu tədricən 2-3 dərəcə yüksələcək.

İyunun 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 18-23, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Yaxın iki gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.
Azərbaycanın bölgələrində iyunun 25-də hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37 dərəcə isti təşkil edəcək.

Dağlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

AzNews.az