Bakıda su kəməri partladı, evləri su basdı- FOTOLAR

Kür Sutəmizləyici Qurğular Kompleksindən Binəqədi nasos stansiyasına içməli su nəql edən 1200 mm diametrli, yüksəktəzyiqli magistral su kəmərində qəza baş verib. Kəmərin Biləcəri qəsəbəsi X.Məlikaslanov küçəsi 3-cü döngə ərazisindən keçən hissəsində su sızması bir neçə fərdi yaşayış evinin həyətinin su altında qalması ilə nəticələnib. Qəzanın ortaya gec çıxması isə sızmanın bir neçə il öncə qeyri-qanuni inşa edilmiş 23 nömrəli fərdi yaşayış evinin altında olmasından irəli gəlib.

Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Aznews.az-a verilən məlumata görə, əraziyə texnika cəlb olunub. Burada fərdi yaşayış evlərinin inşası zamanı tikinti qaydalarına əməl olunmaması, evlərin magistral su xəttinin mühafizə zonasında tikilməsi qəzanın aradan qaldırılmasında müəyyən çətinliklər yaradıb. Buna baxmayaraq gecə saatlarında qəza aradan qaldırılıb.

Qeyd edək ki, Bakı şəhəri Binəqədi rayonun Biləcəri qəsəbəsi ərazisindən böyük diametri, yüksəktəzyiqli 7 magistral su xətti keçir. 1990-cı illərin ortalarında magistral kəmərlərin keçdiyi ərazilərdə qeyri-qanuni şəkildə fərdi yaşayış evləri və kommersiya obyektləri tikilib. Bunun nəticəsidir ki, təkcə Binəqədi rayonunun Xocasən, Biləcəri və Rəsulzadə qəsəbələri üzrə magistral kəmərlərin üzərində və mühafizə zolağında 2800-ə qədər fərdi yaşayış evi istifadədədir.

"Azərsu" ASC bir daha bəyan edir ki, magistral su kəmərlərinin mühafizə zolağında fərdi yaşayış evi və kommersiya obyektlərinin inşası yolverilməzdir. Fərdi yaşayış evi və ya kommersiya obyektlərinin tikintisi zamanı ərazilər seçilərkən kommunal infrastruktur şəraiti düzgün qiymətləndirilməli, tikinti işlərinin aparılması üçün müvafiq dövlət qurumlarından, o cümlədən kommunal xidmət müəssisələrindən müvafiq rəy alınmalıdır.

Ruhiyyə
Aznews.az
image description image description image description