Toğrul Nərimanbəyov gələn həftə torpağa tapşırılacaq

Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov gələn həftənin əvvəllərində Parisin tanınmış Passi məzarlığında torpağa tapşırılacaq.

Bu barədə APA-ya rəssamın həyat yoldaşı Sevil Nərimanbəyova məlumat verib. Onun sözlərinə görə, artıq Paris merindən dəfnlə bağlı müvafiq icazə alınıb.

Sevil Nərimanbəyova vəkilinin dəfə hazırlıq işləri ilə məşğul olduğunu, mərasimin çox güman ki, gələn həftənin əvvəllərində keçiriləcəyini deyib: "Toğrul Nərimanbəyov sağ ikən bu yeri çox sevirdi və Passi məzarlığında dəfn olunmaq istəyirdi. Paris merinin ərimi Passi məzarlığında dəfn etməyə razılıq verməsinə çox məmnun oldum. Toğrul bu yeri çox sevirdi. İndi mən müəyyən mənada hətta Toğrulun qızına da minnətdaram. Çünki o məni məhkəməyə verməklə, böhtan atmaqla prosesi uzatdı və mən bu müddət ərzində Paris merindən ərimi arzusunda olduğu yerdə dəfn etməyə icazə ala bildim".

Xatırladaq ki, Passi məzarlığının əsası 1820-ci ildə qoyulub, bu məzarlıq Parisin mərkəzində, Sena çayının sağ sahilində, Yelisey meydanında yerləşir. Burada tanınmış siyasətçilər, mədəniyyət xadimləri, o cümlədən tanınmış rəssam Eduard Mane, rəssam Bert Morissoo, bəstəkar Klod Debüssi, bəstəkar Qabrile Fore, İran şahının qızı Leyla Pəhləvi və digərləri dəfn olunublar.

Qeyd edək ki, SSRİ və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı, SSRİ və Azərbaycanın xalq rəssamı, Azərbaycan prezidentinin fərdi təqaüdçüsü, 83 yaşlı Toğrul Fərman oğlu Nərimanbəyov iyunun 7-də vəfat edib. Mərhumun ikinci həyat yoldaşı onun Fransada dəfn edilməsini istəyib. Lakin T. Nərimanbəyovun qızı Əsmər Nərimanbəyova buna qarşı çıxıb. O, atasının Azərbaycanda dəfn olunması tələb edib və Fransa məhkəməsində bununla bağlı iddia qaldırıb. Məhkəmə mərhumun Fransada dəfn olunması barədə qərar çıxarıb. Qərardan verilən apellyasiya şikayəti isə təmin olunmayıb.

AzNews.az