02:09
(077) 610-22-33

Hüseyn Abdullayev Almaniyadan sığınacaq istədi - ÖZƏL

  • >
117 27 İyun 2013 16:28 | Hadisə

Sabiq deputat Hüseyn Abdullayev Almaniyadan siyasi sığınacaq almaq üçün bu dövlətin müvafiq strukturlarına müraciət edib.

Bu barədə AzNews.az-a keçmiş millət vəkilinə yaxın şəxslərdən məlumat daxil olub. Məlumatda bildirilir ki, xeyli müddətdir, Almaniyada yaşayan H.Abdullayev burada həm də özünün biznesini idarə edirmiş.

O, Azərbaycan hüquq-mühafizə orqanlarının onu beynəlxalq axtarışa verməsindən bir neçə gün öncə yaşadığı Almaniya dövlətindən siyasi sığınacaq almaq üçün bu dövlətin rəsmi qurumlarına müraciət edib.

Bu barədə məlumatı olan şəxsin sözlərinə görə, sabiq millət vəkili haqqında cinayət işi açılacağını hələ ötən aydan bilirmiş. O, hətta mətbuata verdiyi açıqlamaların birində də Azərbaycandakı şirkətlərində vergidən yayınmağı ilə bağlı araşdırmalara başlandığını və bu ittihamla həbs edilmək istənildiyini bildirmişdi.

Görünür, H.Abdullayev şirkətlərindəki araşdırmaların yekununda haqqında cinayət işi açılmasına rəvac verəcək faktların tapılacağı düşüncəsində imiş. Bu səbəbdən də hələ haqqında cinayət işi açılıb, beynəlxalq axtarışa verilməzdən əvvəl Almaniyadan sığınacaq istəyib.

Sabiq deputata yaxın şəxsin verdiyi məlumatda o da qeyd edilir ki, H.Abdullayev siyasi sığınacaq istəmək üçün Almaniya və Fransa arasında seçim etməli olub. Onun məhz Almaniyanı seçməsinin əsas səbəblərindən biri də bu dövlətlə Azərbaycan hakimiyyəti arasında son aylarda yaşanan siyasi gərginlikdir. H.Abdullayev düşünüb ki, Almaniya hökumətinin Azərbaycan hakimiyyətinə qarşı münasibəti nəzərə alındıqda, bu dövlətin ona siyasi sığınacaq verməsi ehtimalı daha böyükdür.

Məlumatda qeyd olunur ki, Almaniya dövləti iyulun ilk həftəsinə qədər H.Abdullayevə siyasi sığınacaq verib-verməyəcəyi ilə bağlı münasibətini bildirəcək.

Anar
AzNews.az

Bağla X