Dələduz iki nəfəri aldadaraq pullarını mənimsədi - Gəncədə

Gəncədə özünü təhsil nazirliyinin əməkdaşı kimi təqdim edən şəxs iki nəfəri aldadıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə Gəncə şəhər sakini Nəcibə Xudaverdiyeva polisə müraciət edərək bildirib ki, özünü təhsil nazirliyinin əməkdaşı kimi təqdim edən şəxs ona Gəncə Dövlət Universitetində oxuyan qızını Təsviri İncəsənət fakültəsindən başqa ixtisasa köçürəcəyini bildirib və ondan işinin müqabilində 2000 manat pul alıb.

Bundan başqa "təhsil nazirinin əməkdaşı" N. Xudaverdiyevin qohumu, 24 yaşlı Çingiz Məhərrəmovu da aldadaraq onu Bakıda Bayraq Meydanının Mühafizə İdarəsinə işə düzəldəcəyinə söz verib və ondan 1000 manat pul alıb. Bir neçə aydan sonra aldandıqlarını başa düşən N. Xudaverdiyeva və Ç. Məhərrəmov polisə müraciət ediblər.

Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər və bildiriblər ki, hazırda iş üzrə araşdırma aparılır və tədqiqat başa çatdıqdan sonra şəxsin kimliyi barədə məlumat veriləcək. Təhsil nazirliyinin əməkdaşı kimi özünü təqdim edən şəxsin əvvəllər cinayət məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə cəzalandırıldığı bildirilir.

AzNews.az