Ucarda iki avtomobil toqquşub; ölən və yaralananlar var

Azərbaycanın Ucar rayonunda ağır yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında Bakı-Qazax yolunun 243-cü kilometrliyində qeydə alınıb. Ağcabədi rayon sakini, 1989-cu il təvəllüdlü Ramil Qulu oğlu Quliyevin idarə etdiyi "SHACMAN" markalı yük avtomobili Ucar rayon sakini, 1981-ci il təvəllüdlü Elnur Elxan oğlu Salmanovun idarə etdiyi "VAZ 21-099" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində "VAZ 21-099"da olan sərnişin, sürücünün anası, 1956-cı il təvəllüdlü Alma Alxan qızı Salmanova hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər, sürücünün həyat yoldaşı 1980-ci il təvəllüdlü Fitap Mahmud qızı Salmanova və oğlu 2011-ci il təvəllüdlü Salmanov Elxan Elnur oğlu ağır bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

AzNews.az