Naxçıvanın məşhur bazarı sökülür

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun göstərişi ilə, Naxçıvan şəhərində yerləşən bazar sökülür.

"Axar.az"ın Naxçıvandakı mənbələrdən aldığı məlumata görə, Naxçıvan şəhərində iki bazar var: "57 bazarı" və "Cahan Holdinq" adı ilə tanınan ticarət mərkəzləri. Söküntüsünə qərar verilən bazar Elşad Abdullayev olayından sonra ictimaiyyətin tanıdığı və hazırda həbsdə olan iş adamı Arzu Kazımova məxsus "57 bazarı"dır.

Bildirlir ki, bu bazarın səhmlərinin əsas hissəsi ölkənin güc strukturlarından birində yüksək vəzifə daşıyan məmurun doğmalarına aiddir. Əslən Naxçıvandan olan həmin məmurun ailə üzvləri "57 bazarı"nı A.Kazımovun həbsindən sonra onun xanımı ilə birgə işlədirlər. Məlumatda qeyd olunur ki, A.Kazımovun xanımı həmin yüksək çinli məmurla yaxın qohumdur.

Hazırda söküntüsünə qərar verilən "57 bazarı"nda işləyən icarədarların "Cahan Holdinq"in arxasında yeni inşa ediləcək və əvvəlki bazardan görünüşcə daha gözəl olan bazara köçürüləcəkləri bildirilir.

Xatırladaq ki, Cahan Building, Cahan Commerce, Cahan General Traiding, Cahan Industry Complex, Cahan Red, Cahan Motors, Cahan Pen, Cahan Tea, Cahan Tobacco, Days Hotel və s. olmaqla, ümumilikdə 12 əsas və bir neçə törəmə şirkətdən ibarət olan "Cahan Holdinq"in prezidenti Vüqar Abbasovdur (2009-cu ildə "Tərəqqi" medalı ilə təltif olunub). Holdinqin öz saytında ("cahan.az") təsisçilərin adı isə göstərilməyib.

AzNews.az