14:57
(077) 610-22-33

Qurban Məmmədovun səhhəti pisləşdi

  • >
240 2 Noyabr 2013 11:11 | Hadisə

Dünən Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə Milli Şuranın üzvü, məhbus hüquqşünas Qurban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirildi.

Qeyd edək ki, prosesdən əvvəl Qurban Məmmədovun səhhətində problem yarandığı üçün məhkəməyə təcili tibbi yardım çağırılıb və məhkəmə 1 saat gec başlayıb.

Prosesdə Qurban Məmmədov 1 gün əvvəl dindirilmiş şahid - hadisə baş verən ərazidə taksi fəaliyyəti ilə məşğul olduğunu deyən İsa Mansurova suallar verib. Təqsirləndirilən şəxs bildirib ki, şahid İsa Mansurovun ifadəsi digər şahid Rəhbər Hüseynovun dedikləri ilə tam ziddiyyət təşkil edir: "Şahid Hüseynov ifadəsində deyirdi ki, hadisə baş verən vaxt ərazidə heç kim olmayıb. İndi isə istintaq bu şahidi gətirib. Deməli ya iki şahiddən biri, ya da hər ikisi yalan danışır. Mən hesab edirəm ki, hər ikisi yalan danışır".

Q.Məmmədov şahid R.Hüseynovun ifadəsinin cinayət işindən çıxarılmasını istədi. Prokuror isə bildirdi ki, qanunvericiliyi tələbinə görə, hansısa ifadənin işdən çıxarılması hazırlıq iclasının predmetidir və hazırda mümkün deyil.

Daha sonra İsa Mansurov Q.Məmmədovun suallarına cavab olaraq bildirdi ki, hadisə barəsində yalnız Zakir adlı iş yoldaşına məlumat verib və ondan hadisə barəsində ifadəni "Miri" adlı müstəntiq alıb.

Q.Məmmədov: "Miri" kimə deyirsən - Miraqil Qiyasov?
Şahid: Bilmirəm, mən onu "Miri" kimi tanıyıram?
- Çoxdan tanıyırsan?
- Xeyr, elə ifadə alanda tanımışam.
- Nə vaxt alıb səndən ifadəni?
- Hadisədən təxminən 7-8 ay sonra.
- Səndən başqa hadisəni görən başqa şəxs vardı?
- Xeyr, heç kim yox idi.
- Bəs handisədən sonra həmin əraziyə kimsə gəldi?
- Yox.
- "Medikal" klinkasının əməkdaşlarından kimsə gəlmişdi ora, səndən nəsə soruşdular?
- Xeyr, mən həmin vaxt orada heç kimi görmədim.

Qurban Məmmədov bildirdi ki, şahidin istintaqa ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət var və istintaqa ifadəsinin elan olunmasını istədi. Hakim ifadəsinin həmin hissəsini elan etdi.

O ifadəsində bildirib ki, hadisə baş verdikdən sonra klinkanın Seymur adlı mühafizəçisi ilə rastlaşıb. Q.Məmmədov ondan hansı ifadəsinin doğru olduğunu soruşub. Şahid qarışıq cavablarlar verərək, hadisədən sonra - Qurban Məmmədov hadisə yerindən getdikdən sonra Seymuru klinikanın qarşısında gördüyünü bildirdi.

Daha sonra Q.Məmmədov hadisənin vaxtı ilə bağlı suallar verib. Şahid dəqiq vaxt söyləməyib. Q.Məmmədov bildirdi ki, istintaq dövründə üzləşmə zamanı şahid hadisənin gah axşamüstü, gah səhər, gah da günorta baş verdiyini deyib və müstəntiqin yönəltməsi ilə günorta cavabının üstündə durub. Ardınca Q.Məmmədov şahidin adını çəkdiyi iş yoldaşı Zakirin də şahid kimi məhkəməyə çağırılması ilə bağlı vəsatət verdi. Hakim bildirdi ki, növbəti proseslərdə zərurət yaranacağı halda, onun şahid kimi çağırılması təmin edilə bilər.

Daha sonra Q.Məmmədov bildirdi ki, o həmin gün oğlunun əməliyyatı üçün klinikaya gedib və hadisənin baş vermə vaxtının dəqiq bilinmısi üçün "Medikal" klinikasına Məmmədov Elnur Qurban oğlunun xəstəxanaya daxil olma vaxtı barədə sorğu verilməsini istədi. Vəsatət təmin edildi. Digər bir vəsatət isə şahidin həmin vaxt orada olub-olmamasını dəqiqləşdirmək üçün, ərazidə olan təhlükəsizlik kamerasının həmin tarixə olan çəkilişlərinin alınması barədə olsa da, təmin edilmədi.

Şahidin ifadəsində digər bir ziddiyyətli məqam hadisəni görməsi ilə bağlı dedikləri olub. Belə ki, şahid istintaqa ifadəsində zərərçəkmiş Pərviz Abbasovun qışqırıq səsinə çevrilərək hadisəni gördüyünü, məhkəməyə ifadəsində isə Qurban Məmmədovun maşını saxlamaq istəməsi və geri verərək Pərvizin ayağının üstündən keçməsini əvvəldən axıradək gördüyünü dedi. Qurban Məmmədov şahidin ziddiyyətli ifadəsini onun müstəntiq tərəfindən öyrədilməsi ilə əlaqələndirdi və ifadəsinin elan olunmasını istədi. Daha sonra hakim və prokuror da ifadələrindəki ziddiyyətli məqamlarla bağlı şahidə suallar verdilər. Şahid bildirdi ki, hadisədən çox zaman keçdiyinə görə, hansısa yanlışlıqlara yol verə bilər və məhkəməyə verdiyi ifadəsini təsdiq etdiyini vurğuladı.

Sonda Q.Məmmədov bir neçə vəsatətlə çıxış edib. İlk vəsatət şahid R.Hüseynovun hadisə yehrində olub-olmamasını dəqiqləşdirmək üçün onun mobil telefon nömrəsi vasitəsilə hadisə tarixinə olan lokalizasiyasının alınması ilə bağlı oldu. Digər vəsatətdə zərərçəkmiş Pərviz Abbasov xəstəxanaya daxil olarkən qeydə alınmış sənədlərin alınması və ona yardım göstərmiş tibbi personalın şahid qismində məhkəməyə cəlb edilməsi xahiş edilirdi. Q.Məmmədov, həmçinin hazırlıq iclasından başlayaraq olan məhkəmə proseslərinin protokolları ilə tanış olmaq üçün şərait yaradılması ilə bağlı ərizə ilə müraciət etdi. Prokuror vəsatətlərlə tanış olmaq üçün vaxt istədi və növbəti proses 4 noyabr saat 14.30-a təyin edildi.

Qeyd edək ki, Qurban Məmmədova qarşı ötən ilin sentyabr ayında baş vermiş avtoqəza ilə bağlı olaraq, Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb və bu il iyunun 4-də barəsində həbs-qətimkan tədbiri seçilib. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 299.1-ci (Şahidin, zərərçəkmiş şəxsin yalan ifadə verməsi məqsədi ilə və ya ekspertin yalan rəy və ya yalan ifadə verməsi məqsədi ilə, habelə tərcüməçinin yanlış tərcümə etməsi məqsədi ilə onları pulla ələ alma) maddəsi ilə yeni ittiham elan edilib. Qurban Məmmədov həbsini siyasi sifariş olduğunu bəyan edərək, Milli Şurada aktiv siyasi fəaliyyəti, radikal çıxışları ilə əlaqələndir. /bizimyolinfo.com/
Bağla X