Altıağac Milli Parkında yanğın

Bu gün saat 13:30 radələrində Xızı rayonunun Altıağac qəsəbəsinin yaxınlığında, Altıağac bələdiyyəsinə məxsus çöl otlaq sahəsində naməlum şəxslərin bataqlıq ərazidə qamışlığa od vurması səbəbindən yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, daha sonra yanğın genişlənərək Dibrar dağının aşağı hissəsi, Altıağac Milli Parkının 67-ci kvartalının ərazisinə keçib və 3,5 hektara yaxın ərazini əhatə edib. Yanğın nəticəsində yalnız xəzəl və quru ot örtüyü yanıb, heç bir ağaca ciddi ziyan dəyməyib.

ETSN-nin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Xızı Regional Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının və yerli ictimaiyyət nümayəndələrinin səyləri nəticəsində yanğın qısa zamanda lokallaşdırılıb və 16 : 00-da tam olaraq söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

AzNews.az