11:24
(077) 610-22-33

Murtuz Ələsgərov sabah dəfn olunacaq

  • >
660 7 Avqust 2012 10:53 | Hadisə

Şəhriyar adına Mədəniyyət Mərkəzində mərhumla vida mərasimi keçiriləcək


Bu gün uzun sürən ağır xəstəlikdən sonra Mərdəkandakı bağ evində vəfat etmiş Milli Məclisin sabiq spikeri, professor Murtuz Ələsgərov sabah torpağa tapşırılacaq. Bu barədə APA-ya mərhumun qohumları məlumat verib. Sabah səhər saatlarından başlayaraq sabiq spikerlə vida mərasimi keçiriləcək. Vida mərasiminin Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilməsi nəzərdə tutulur. Murtuz Ələsgərovun harada dəfn olunacağı hələlik dəqiqləşməyib. Qeyd edək ki, Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, Milli Məclisin keçmiş spikeri Murtuz Ələsgərov bu gün 84 yaşında vəfat edib. O, uzun sürən xəstəlikdən sonra bu gün Mərdəkanda, bağ evində dünyasını dəyişib.

Murtuz Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1954-cü ildən Azərbaycan Dövlət Universitetinin dövlət hüququ kafedrasının baş müəllimi, dosenti, 1957-ci ildən beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışıb. 1965-ci ildən universitetin konstitusiya hüququ kafedrasının müdiri işləyib.1993-1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olub.
Hüquq elmləri doktoru, professor, respublikanın əməkdar hüquqşünasıdır. "İstiqlal" ordeni, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib. MDB-nin "Sodrujestvo" ordeninə və Rusiya Federasiyasının "Dostluq" ordeninə layiq görülüb. Murtuz Ələsgərov birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri vəzifəsində çalışıb. 2005-ci il noyabrın 6-dan 11 saylı Qaradağ seçki dairəsindən deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının, Azərbaycan-Fransa, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

AzNews.az
Bağla X