03:12
(077) 610-22-33

İsa Qəmbər məhkəmə zalından çıxarıldı

  • >
313 14 Noyabr 2013 16:43 | Hadisə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nida Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatının üzvünün cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.


APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Avropa Birliyinin Azərbaycan nümayəndəliyi, Amerika Birləşmiş Ştatlarının və Almaniya Respublikasının səfirliklərinin nümayəndələri , Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və digər müxalifət funksionerləri izləyiblər.

Prosesdə iştirak edən İsa Qəmbər hakimlərə iradını bildirib: "Siz cavan uşaqları həbsdə saxlayıb, gecə evinizdə necə yatırsız? Ağsaqqal adamsız, ayıb olsun ".

Hakim İ. Qəmbərdən zalı tərk etməyi tələb edib. İ. Qəmbər məhkəmə salonunu tərk edib.

Hakim bildirib ki, təqsirləndirilən şəxsin taleyi ilə maraqlananlar özlərini məhkəmədə reklam etməməlidirlər.

Hakim məhkəmə qaydalarına riayət etməyin vacib olduğunu bildirib.

Daha sonra prosesdə Zaur Qurbanlı və İlkin Rüstəmzadənin vəkili Xalid Bağırov vəsatətlə çıxış edib. O, müdafiə etdiyi şəxslərin yanında əyləşmələri, prosesdə audio və video çəkilişlərin aparılmasına icazə verilməsi, İ. Rüstəmzadəyə xuliqanlıqla bağlı verilmiş ittihama xitam verilməsi barədə vəsatətə qaldırıb.

Vəkil qeyd edib ki, İ. Rüstəmzadənin əməlində xuliqanlıq yoxdur. X. Bağırov Z. Qurbanlının digər vəkili Aslan İsmayılovun cinayət işinin materialları ilə tanış olmağa şərait yaradılmadığını bildirib. O bu qanun pozuntusuna görə, Z. Qurbanlı barəsində olan cinayət işinə xitam verilməsi və yenidən istintaq orqanlarına qaytarılması barədə vəsatət verib.

Hakim vəsatətlərin növbəti prosesdə müzakirəyə çıxarılacağını deyib.

Proses noyabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, "Nida"nın 7 üzvü həbs edilib. Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarının birgə həyata keçirdikləri axtarış tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü, Bakı şəhəri 17 saylı peşə liseyinin 3-cü kurs tələbəsi Quliyev Bəxtiyar Səməndər oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, S.Hüseynov küçəsi ev 3B-yə baxış keçirilərkən oradan 19 ədəd şüşə butulkaların içərisində tez alışan "Molotov kokteyli" adlanan maye, narkotik vasitə olan 255,40 qram həşiş qətranı və 15,48 qram qurudulmuş marixuana aşkarlanıb. Eyni zamanda 1995-ci il təvəllüdlü, "Odlar Yurdu" Universitetinin 3-cü kurs tələbəsi Novruzlu Şahin İbrahim oğlunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56, mənzil 50 ünvanına keçirilən baxış zamanı oradan 3 ədəd "Molotov kokteyli", 94 min manat məbləğində pul, 252,27 qram həşiş qətranı tapılıb. Həmçinin 1992-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Əzizov Məmməd Rasim oğlunun kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsi ev 18, mənzil 88-ə keçirilən baxış zamanı 174,54 qram qurudulmuş marixuana, üzərində "Təcili demokratiya tələb olunur tel:+994 ünvan: Azərbaycan" sözləri yazılmış 28 ədəd vərəqlərin kserosurətləri aşkar edilərək götürülüb.

Həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və "Nida" üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.

İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.

AzNews.az
Bağla X