Bakı metrosunda həyəcanlı anlar

Bu gün Bakı Metropolitenində baş vermiş həyəcanlı anlarla əlaqədar qurum tərəfindən açıqlama gəlib.


Bakı Metropoliteninin Hərəkət Xidmətinin baş mühəndisi Etibar İsayevin verdiyi məlumata görə, metronun "Dərnəgül" istiqamətindən "Həzi Aslanov" istiqamətinə hərəkət edən qatarlardan birinin vaqonunda texniki nasazlıq yaranıb. Hadisə "Nizami" stansiyasından "28 may" stansiyasına gedən qatarda baş verib. Nəticədə həmin istiqamətdə hərəkət edən qatarların hamısının qrafikində ləngimələr baş verib. Qatar dərhal boşaldılıb və depoya göndərilib.

Etibar İsayevin sözlərinə görə, qatarlar tuneldə 3 dəqiqədən artıq dayanmayıb: "Heç bir sərnişinin halı pisləşməyib və heç bir problem yaranmayıb".

Lakin hadisə baş verən vaxt anspress-in müxbiri də "İnşaatçılar" ilə "Elmlər Akademiyası" stansiyaları arasındakı tuneldə qalan qatarda olub. Müxbirin sözlərinə görə, qatar tuneldə 11 dəqiqə qalıb.

Qeyd edək ki, bu gün səhər 08:31 radələrində Bakı Metropolitenində həyəcanlı anlar yaşanıb. Metronun "Dərnəgul" - "Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "İnşaatçılar" ilə "Elmlər Akademiyası" stansiyaları arasındakı tuneldə 11 dəqiqə dayanıb. Bu müddət ərzində sərnişinlər çətin anlar yaşayıb. Qatarda havalandırma sistemi yaxşı işləmədiyindən, bir neçə sərnişinin səhhətində problemlər yaranıb.(anspress)