18:17
(077) 610-22-33

Biləsuvar sərhəd-buraxılış məntəqəsindən yeni xəbər

  • >
280 19 Noyabr 2013 10:48 | Hadisə

Biləsuvar sərhəd-buraxılış məntəqəsindən İrana keçmək istəyən yük maşınlarının sayı artmaqdadır.


Qonşu dövlətin noyabrın 17-dən bəri tətbiq etdiyi yeni qaydalar sərhəddə Azərbaycana məxsus nəqliyyat vasitələrinin uzun növbələrinin yaranmasına səbəb olub.

Həmin qaydalara əsasən, İran tərəfinə keçən maşınların götürdükləri yüklə birlikdə çəkisi 30 tondan yuxarı olmamalıdır. Bu qaydalara riayət etməyən maşınlar isə İranın Biləsuvar gömrük-buraxılış məntəqəsini keçmədən geriyə qaytarılırlar.

Naxçıvan Muxtar Respublikasına yük daşıyan sürücülər az yükün onlara sərf etmədiyini bildiriblər. Hazırda Biləsuvarda dayanmış yük maşınlarının sayı 100-dən çoxdur. Onlarla maşının sürücüsü isə onlara məxsus nəqliyyat vasitəsini sərhəddə qoyaraq Naxçıvana evinə qayıdıb.

Qeyd edək ki, analoji vəziyyət Culfa gömrük-buraxılış məntəqəsində də müşahidə olunmaqdadır. Məlumata görə, orada yük maşınlarının 2 kilometr uzunluğunda növbəsi yaranıb.

Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin açıqlamasında çəkisi 30 tondan artıq olan yük avtomobillərinin Azərbaycandan İrana getməsinə məhdudiyyət qoyulmasının Culfada Araz çayı üzərindəki körpünün köhnəlməsi ilə əlaqədar olduğunu bildirib.

Onun sözlərinə görə, bu məhdudiyyətin Biləsuvar və Culfa gömrük-keçid məntəqələrində ötən günlərdə yaşanan problemlərlə heç bir bağlılığı yoxdur:

"Məhdudiyyət yalnız Culfa gömrük-keçid məntəqəsini keçmək istəyən yük maşınlarına aiddir, Biləsuvar gömrük-keçid məntəqəsinə aid deyil. İrana aid yük maşınları da bu qaydaya riayət etməli olacaq".

Səfir qeyd edib ki, artıq Azərbaycanın rəsmi şəxsləri və gömrük orqanları məsələ ilə əlaqədar məlumatlandırılıb: "Azərbaycan tərəfi ilə yeni körpünün istifadəyə verilməsinə dair danışıqlar aparırıq. Ümid edirik ki, bu körpü tezliklə açılacaq və avtomobillərin tonnajı ilə bağlı heç bir məhdudiyyət olmayacaq".

Qeyd edək ki, noyabrın 8-də İranın Azərbaycandakı səfirliyi Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrinin bağlanması ilə bağlı bəyanat yayıb. Səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahinin adından yayılan bəyanatda bildirilir ki, bu addıma səbəb Azərbaycan sərhədçilərinin noyabrın 6-da Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlamasıdır.

Seyid Məhəmməd Ayətullahi bildirib ki, İran iki gün gözlədikdən sonra sərhəd-keçid məntəqəsi açılmadığı üçün Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq, Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.

Bir neçə gündən sonra bağlanan sərhəd-keçid məntəqələrdə piyadalar üçün qoyulan məhdudiyyət aradan qaldırılsa da, avtomobillər sərhəddən buraxılmırdı.

Biləsuvar sərhəd-keçid məntəqəsi isə noyabrın 15-də açılıb.(apa)

Bağla X