Hacıbala Abutalıbov 120 ailəni rabitəsiz qoydu


Bakı şəhər, Nəsimi rayon, Füzuli-53 ünvanında 10 gündən artıqdır ki, telefonlar işləmir.

Bununla bağlı müvafiq orqanlara müraciətlərin də heç bir nəticəsi yoxdur.

Müraciətin bütün formalarını sınaqdan çıxartdıqlarını deyən 120 ailənin yaşadığı, 10 bloklu, 9 mərtəbəli binanın sakinləri AzNew.az-a problemlərinin bitmədiyini deyib:

"Neçə vaxtdır ki, təmirlə əlaqədar mütəmadi problemlər çıxır. Gah su gəlmir, gah kanalizasiya xətti qırılır, gah antenalar sıradan çıxır. Elə olur ki, günlərlə televizora baxa bilmirik. Sıradan çıxan da günlərlə düzəlmir. 10 gündür ki, rabitə xətti də yoxdur. Hər yerə müraciətlər ünvanlamışıq. Biganəlik o səviyyədədir ki, böyük bir binanın rabitə problemi heç kimi narahat etmir".

AzNews.az sakinlərin problemini araşdırıb. Bakı şəhərinin mərkəzi küçələrindən birində yerləşən yaşayış binasında günlərdir ki, rabitənin olmaması nə ilə bağlıdır?

Yasamal Telefon Qovşağının rəisinin köməkçisi Emin Hüseynov AzNews.az –a açıqlamasında problemin səbəbini Bakı Şəhər İcra Hakimiyyətinin apardığı qazıntı işləri ilə əlaqələndirib:

"Qazıntı aparanda kabeli kəsiblər. Ona görə də telefon xətti kəsilib. Problemin həll olunmasının uzanması isə kabelin köçürülməsi ilə bağlıdır. Bu həftə ərzində işlər başa çatacaq".

Qeyd edək ki, sözügedən binada Bakı şəhər İcra Hakimiyyətinin sifarişi ilə yerli şirkətlər olan "Minera" və "Vest" təmir və tikinti işləri aparır. Artıq çoxdandır ki, başlayan təmir-tikintinin nə vaxt başa çatacağı isə məlum deyil.

Ruhiyyə
AzNew.az