Müvafiq dövlət qurumlarının biganəliyi hiddət doğurub Müvafiq dövlət qurumlarının biganəliyi hiddət doğurub

Hərbi xidmətdə şikəst olan əsgərə baxan yoxdur

Müvafiq dövlət qurumlarının biganəliyi hiddət doğurub


"Oğlumuza qulluq eləməkdən belimiz bükülüb. Dövlət oğlumuzu müalicə etmirsə, onda ikinci oğlumuzu hərbi xidmətə niyə göndərək?" Bu, hərbi xidmətdə olarkən bədbəxt hadisə ucbatından sərbəst hərəkətən qabiliyyətini itirmiş əsgər Rauf İbrahimovun anası İbrahimova Aytəkinin sözləridir.

10 Sentyabr 2010 –ci il tarixində Daşkəsən rayonu "N" saylı hərbi hissədə bədbəxt hadisə baş verir. Hərbi vəzifəsini yerinə yetirib yatmaq üçün çarpayıya yaxınlaşan əsgər Rauf ibrahimovun belinə çarpayının ikinci mərtəbəsi düşür. Nəticədə əsgər ağır xəsarət alaraq Daşkəsən rayonu hərbi hospitalına yerləşdirilir. İki dəfə əməliyyat olunmağına baxmayaraq, əsgərin aldığı xəsarətin nəticələrini aradan qaldırmaq mümkün olmur və hərbi tibbi kommissiya onun xidmətə yararsız olduğunu müəyyən edərək təxris edir.

Hərbi hissə komandiri polkovnik Polad Həşimov əsgərin valideynləri ilə görüşür və onlara söz verir ki, övladlarının bütün müalicə xərclərini Müdafiə Nazirliyi öz üzərinə götürəcək. Amma bundan sonra Polad Həşimov valideynlərlə görüşməkdən imtina edir. Əsgər atası Səmənd İbrahimov nə qədər çalışsa da, hərbi hissə komandiriylə görüşə bilmir. Evə qayıdan əsgər atası övladının əlillik dərəcəsinin müəyyən edilib ona təqaüd verilməsi üçün Əmək və əhalinin sosial müdafiəsi nazirliyinə müraciət edir. Tibbi komissiya Rauf ibrahimovun birinci qrup əlil olduğunu müəyyən edir və onun üçün 167 AZN aylıq təqaüd təyin edir. Ailə isə deyir ki, bu təqaüd oğluna qulluq eləmək üçün kifayət etmir. Onun sözlərinə görə, gündə 5 AZN oğlunun təkcə bezinə xərclənir, çünki o sərbəst hərəkət edə bilmir ki, ayaqyoluna getsin. Amma ailənin problemləri bununla bitmir. Oğullarının müalicəsini dövlət səviyyəsində təmin olunması üçün etdiyi müraciətlər nəticəsiz qalıb. Müdafiə Nazirliyindən bildiriblər ki, hərbi xidmətdən təxris olunduğuna görə İbrahimov Raufun müalicəsi Səhiyyə Nazirliyi tərəfindən təmin olunmalıdır. Məsləhətə əməl edən ailə Səhiyyə Nazirliyinə müraciət edir, nazirlik isə ailəni ölkənin baş pediatrı Nəsib Quliyevə yönləndirir. Nəsib Quliyev Raufun müalicəsinin mümkünsüz olduğunu iddia edərək, ailəni övladlarını Ukraynada dövlət hesabına müalicə etdirmək istədiyi üçün dilənçilikdə günahlandırır. Bundan sonra isə ailənin əlacı hər yerdən kəsildiyinə görə redaksiyamıza müraciət edir: "Oğlumuz sağala bilər. Əvvəl tərpənə bilmirdi, indi isə divara tutuna-tutuna da olsa, yeriyə bilir. Biz dövlətdən ona xidmət edən əsgərə baxmağını istəyirik. əgər dövlət varsa, bizə kömək eləsin, yoxdursa, ikinci oğlumuzu hərbi xidmətə niyə göndərək? İndiyə kimi ona biz baxmışıq, amma artıq imkanımız çatmır. Ona qulluq eləməkdən belimiz bükülüb, artıq maddi imkanımız da çatmır".

Məsələylə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyev və Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayevlə əlaqə yaratdıq. Asəf Əliyev şikayəti araşdırıb məlumat verəcəyini bildirdi, Teymur Abdullayev isə faktı təsdiqləyərək bildirdi ki, qanuna əsasən hərbi xidmətdən təxris olunan hərbi qulluqçuların sosial təminat, səhiyyə, reabilitasiya ilə bağlı məsələlərinə səhiyyə və sosial yönümlü dövlət qurumları baxmalıdırlar.

Redaksiyadan: Biz inanmırıq ki, dövlət rəsmiləri dövlətin varlığını qoruyan əsgərin problemlərinə qəsdən etinasız yanaşır, amma görünən odur ki, İbrahimovların dərdləriylə demək olar ki, heç bir qurum (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən başqa) maraqlanmaq niyyətində olmayıb. Ümidvarıq ki, bundan sonra vəziyyət dəyişər. Çünki bir insanın aqibəti başqası üçün ibrət ola bilər. Biz dövlət qurumlarından ibrətə layiq reaksiya gözləyirik.


Şahlar Ruhi

AzNews.az