Göyçayda doğuş zamanı ana ölüb, uşaq xilas olunub - YENİLƏNİB

Göyçayda doğuş zamanı ölən qadının uşağını xilas etmək mümkün olub.

Doğuşu aparan mama-ginekoloq həkim Zəhra Salmanova APA-ya açıqlamasında bildirib ki, hamilə qadın Xəyalə Quliyeva hamiləliyinin 9 ayı ərzində həkim nəzarətində olub. O doğuşdan əvvəl də təkrar müayinədən keçərək doğuşa götürülüb. Həkimin sözlərinə görə, qadının səhhətində heç bir ciddi problem olmayıb, sadəcə 46 faiz qan azlığı müəyyən olunub. "46 faiz qan azlığı ölümə səbəb ola bilməz. Hətta 26 faiz qan azlığı olan hamilə qadınlarda doğuş normal keçirilir. Ölümün səbəbi mənim üçün də müəmmalıdır", deyə Zəhra Salmanova qeyd edib.

Həkim Zəhra Salmanova qeyd edib ki, doğuş başa çatan zaman qadında boğulma və qıcolma halları baş verib. Dərhal reanimotoloqlar çağırılıb, qadına qan köçürülüb və digər xilasetmə tədbirləri görülüb. Lakin həkimlərin səylərinə baxmayaraq, ananın həyatını xilas etmək olmayıb.

Qeyd edək ki, uşağı xilas etmək mümkün olub, hazırda o həkim nəzarətindədir. Ölümün səbəbi hələlik müəyyən olunmayıb. Meyit tibbi ekspertizaya göndərilib. Ekspertizanın nəticələri əldə olunandan sonra ölümün dəqiq səbəbləri müəyyən olunacaq.

**** 20.11

Göyçay. Elvin Yaqubov – APA. Azərbaycanda növbəti dəfə doğuş zamanı ana və bətnindəki körpəsi dünyasını dəyişib. Göyçay Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə bu gün saat 19:00 radələrində xəstəxananın doğum şöbəsində baş verib.

Doğuş zamanı Göyçay şəhəri, Cəlil Məmmədquluzadə küçəsi ev 14-də yaşayan 1991-ci il təvəllüdlü Quliyeva Xəyalə Akif qızı və bətnindəki qız övladı dünyasını dəyişib. Mərhum X. Quliyeva ötən il Qəbələ şəhərindən Göyçay rayonuna gəlin köçüb və bu, ilk doğuşu olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində gedib. Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

AzNews.az