21:37
(077) 610-22-33

Ağcabədi təşviş içində: külək rayonu viran qoydu

  • >
2 118 4 Dekabr 2013 10:55 | Hadisə


Ağcabədi rayonunda son illərin ən güclü küləyi əsib. AzNews.az-ın məlumatına görə, külək rayonda ağır fəsadlar törədib, bəzi binaların, fərdi evlərin dam örtüyü dağılıb, bir sıra yaşayış və ictimai binalara ciddi ziyan vurub.

Elektrik xətləri tamamilə sıradan çıxdığından dünən axşam saatlarından etibarən rayona elektrik və qaz verilişi tamamilə dayandırılıb. Sakinlər qorxularından evdən bayıra çıxa bilmirlər.

Ağcabədi rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Əhmədov AzNews.az-a açıqlamasında bildirib ki, rayonda son illərdə belə hallara rast gəlinməyib:

"Külək bəzi elektrik naqillərini qırılıb, transformatorları aşırıb. Bir sözlə, güclü külək ağır nəticələrə səbəb olub".

O deyib ki, rayon mərkəzində 2 binanın və fərdi evlərin ciddi ziyan görüb: "Bir sıra kəndlərimizdə külək evlərə çox ağır ziyan vurub. Şəhərdə Üzeyir Hacıbəyov küçəsi – 69 ünvanında yerləşən 5 mərtəbəli, 50 mənzilli binanın dam örtüyünü qoparıb atıb. Xoşbəxtlikdən insan tələfatı olmayıb. Heydər Əliyev prospekti 128 nömrəli binanın dam örtüyünün isə cəmi 20-30 faizi dağılmayıb".

R.Əhmədov 80-ci illərdə tikilən binaların 2006-2007-ci illərdə təmir olunduğunu, lakin küləyin çox güclü olması səbəbindən tab gətirə bilmədiyini bildirib.

FHK-nın sədri bildirib ki, qaz verilişi tam bərpa olunsa da, elektrik enerjisinin verilişində problemlər qalmaqdadır: "Əhaliyə dəyən ziyanla bağlı aktlaşdırma aparılır. Bu məsələdə Fövqəladə Hallar Nazirliyinin köməyinə ümid edilir. İlin sonu olduğundan İcra Hakimiyyətində vəsait problemi var. Təbii ki, dağılan binaların ətrafında təmizliyə başlamışıq. Vətəndaşları köməksiz qoymaq fikrimiz yoxdur. Lakin tam bərpa və vətəndaşlara kömək etmək üçün Fövqəladə Hallar Nazirliyindən kömək gözləyirik".

Ruhiyyə
AzNews.az
Bağla X