18:04
(077) 610-22-33

Quldurluq faktına görə 4 nəfər həbs edildi

  • >
916 5 Dekabr 2013 12:35 | Hadisə

Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları 1 ay əvvəl baş vermiş quldurluq cinayətinin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, bu il noyabrın 9-da gecə saat 23:00 radələrində Xaçmaz şəhər sakini Məhəbbət Salmanova RPŞ-yə 4 maskalı şəxsin evinə basqın edərək özünü və qonağı Şahnaz Hacıyevanı soyması barədə məlumat verib. Dərhal hadisə yerinə gələn polis əməkdaşları zəruri əməliyyat-istintaq tədbirlərinə başlayıblar.

Zərərçəkmişlər bildiriblər ki, bıçaqla silahlanmış maskalı şəxslər onların əl qolunu və ağzını yapışqan lentlə bağlayaraq pul və qızıl əşyalarının yerini soruşublar. Quldurlar qadınlara zor da tətbiq ediblər.

Həyata keçirilmiş təxirəsalınmaz tədbirlərlə bu cinayəti törədən şəxslər bu günlərdə müəyyən edilib və polis tərəfindən saxlanılıblar. Xaçmaz rayon sakinləri - 29 yaşlı Azər Şərifov, 22 yaşlı Aydın Xalıqov, 30 yaşlı Mikayıl Cəfərov və 24 yaşlı İlqar Quliyev ilkin ifadələrində törətdikləri əməli etiraf ediblər.

İstintaqla müəyyən edilib ki, Aydın Xalıqovla Mikayıl Cəfərov tanışları Azər Şərifov və İlqar Quliyevlə əlbir olaraq qabaqcadan plan hazırlayıblar.

Onlar Məhəbbət Salmanovanın evində külli miqdarda pul və qızıl zinət əşyalarının olduğunu güman edərək gecə saatlarında mənzilə basqın etmək qərarına gəliblər. Qrup üzvləri maska, əlcək və yapışqan lent alıb, özləri ilə bıçaq da götürüblər.

Məhəbbət Salmanovanın evinin yaxınlığına gələrək maşını bir qədər kənarda saxlayıblar. Bir müddət müşahidə apardıqdan sonra həyətə daxil olub və evə soxulublar. Quldurlar Məhəbbət Salmanovanı və Şahnaz Hacıyevanı döyərək əllərini və ayaqlarını yapışqan lentlə bağlayıblar. Azər Şərifov qadınları bıçaqla öldürəcəyi ilə hədələyərək pulları və qızılları tələb edib.

Mənzildən xeyli qızıl-zinət əşyaları, nağd pul və bir neçə mobil telefon aparan qrup üzvləri götürdükləri pulu elə həmin gün aralarında bölüşdürüblər. Qızıllar isə ertəsi gün Bakı şəhərində satılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Qeyd edək ki, qrup üzvlərindən Aydın Xalıqovla Mikayıl Cəfərov əvvəllər də məhkum olunub.

AzNews.az
Bağla X