Aslan Aslanov Şəmkir stadionunu satmaq istəyir- 2 milyona

Kənd Təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanov yaxın qohumunun adına özəlləşdirdiyi Şəmkir şəhər stadionunu satmaq istəyir. Stadiona isə 2 milyon manat qiymət qoyulub.

Stadionun tikintisində Şəmkirdə Saşa kimi tanınan mərhum iş adamı Şahbaz Süleymanovun da xidmətləri olub. Stadionunu tikintisinə vəsaitin bir hissəsini də o vaxt məhz Saşa ayırıbmış.

Stadionun ərazisi Şəmkir rayonunun "Klara Setkin" sovxozunun balansında olub. Amma rayonda aqrar islahatlar aparılarkən bu ərazi sovxozun fəhlələrinə torpaq payı kimi paylanmayıb. Ərazini o vaxt Şəmkirdə icra başçısı vəzifəsini tutan Aslan Aslanov özəlləşdirib.

Stadion əvvəlcə keçmiş Dəllər Tikinti Materialları Kombinatının direktoru Fəxrəddin Rzayevin adına Azərbaycan Respublikası Ədiyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Şəmkir bölgə şöbəsində qeydiyyata alınıb. Amma az sonra A.Aslanov stadionu öz yaxın qohumu olan Zəyəm-Cırdaxan kəndində yaşayan Dilqəm İsmayılovun adına rəsmiləşdirib.

Qeyd olunur ki, hələlik stadionu almaq istəyən yoxdur. Yalnız Moskvada yaşayan əslən şəmkirli Məhərrəm adlı iş adamı buna cəhd edib. O, 2 milyon manat verərək stadionun ərazisini almaq istəyib. Amma ondan stadion kimi yox, sökdürüb torpaq sahəsi kimi istifadə etmək üçün. Amma Aslanov regionun ən böyük idman obyektlərindən olan Şəmkir şəhər stadionunun bu şərtlə satılmasına yuxarıların qəzəbindən ehtiyat etdiyi üçün razı olmayıb.(axar.az)